Gəncə Dövlət Universitetində Vətən müharibəsi şəhidi Əlizadə Yüksəl İlqar oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə auditoriyanın açılışı olub.
Tehsil.biz xəbər verir ki, açılış mərasimində AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, GDU-nun rektoru professor Yusif Yusibov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükuta yad edilib.
GDU-nun rektoru, professor Yusif Yusibov çıxış edərək diqqətə çatdırıb ki, şanlı tarixi qələbəmizdən iki il keçməsinə baxmayaraq Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə yad edir. Başlanğıcını 2020-ci il 27 sentyabrdan götürən və 10 noyabrda Azərbaycanın tam qələbəsi ilə başa çatan Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azəbaycan Ordusunun əsgər və zabitləri döyüş meydanında tarixi ədaləti bərpa etdilər. Söz yox ki, bu döyüşlərdə Azərbaycan xalqı da xeyli şəhid verdi ki, onların da arasında Gəncə Dövlət Universitetinin Leksikologiya və ölkəşünaslıq kafedrasının müdiri Sevda Kazımovanın oğlu Yüksəl Əlizadə də var. İndi haqlı olaraq bütün universitet onunla fəxr edir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev qeyd edib ki, Azərbaycanın hər yerində olduğu kimi, Gəncə şəhərində də Vətən uğrunda şəhidlik zirvəsinə ucalan igid övladlarımızın adı əziz tutulur, xatirələrinə dərin ehtiram göstərilir. 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Əlizadə Yüksəl İlqar oğludur. Yüksəl cəmi 24 il yaşasa da, onun əməlləri Azərbaycanın qəhrəmanlıq tarixinə yazıldı. Digər igid Azərbaycan oğulları kimi, o da Vətən müharibəsinə könüllü gedərək torpaqlarımızın azad olunmasında əsl şücaət gösərdi və bu yolda qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Sonra AMEA-nın Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Şah Abbas Cümə Məscidi Dini İcmasının sədri Əlisəftər Səfərəliyev, şəhid Yüksəl Əlizadənin orta məktəbdə müəllimi olmuş Bəxtiyar Məhərrəmov, şairə Səadət Rzayeva, vaxtilə onunla bir sinifdə təhsil alan Nərgiz Əhmədqızı və başqaları çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbədə əsl igidlik göstərən, eləcə də insanpərvərliyi ilə seçilən Yüksəl Əlizadə haqqında ürək sözlərini söyləyiblər.
Mərasimin sonunda şəhid Yüksəl Əlizadənin anası, Gəncə Dövlət Universitetinin Leksikologiya və ölkəşünaslıq kafedrasının müdiri Sevda Kazımova çıxış edərək, şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin övladının xatirəsinə göstərilən ehtiram üçün şəhər və universitetin rəhbərliyinə, habelə iştirakçılara minnətdarlığını bildirib.