Logo

291 nömrəli ekologiya liseyinin kollektivi professor Əsgər Zeynalovla görüşüb - FOTO

18.11.2022 13:57 870 baxış
IMG

Noyabrın 18-də Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyinin kollektivi filologiya üzrə elmlər doktoru, ADU-nun professoru, Qafqazşünaslıq kafedrasının müdiri, İrəvan ziyalıları ilə bağlı dəyərli tədqiqatların müəllifi, dünya ədəbiyyatı üzrə mütəxəssis Əsgər Zeynalov ilə görüş keçirib.

Tehsil.biz xəbər verir ki, görüşü giriş sözü ilə liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov açıb. O, qonağı salamlayaraq elm və təhsilin yanaşı olduğunu, son elmi tədqiqatların nəticələrinin orta və ali məktəblərdə auditoriyalara, sinif otaqlarına sistemli şəkildə gəlməsinin əhəmiyyətini vurğulayıb.

Arif Əsədov məhz bunların nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsil haqqında bir neçə sərəncam imzaladığını, elm və təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin zəruriliyinin göstəricisi olduğunu, eyni zamanda milli-mədəni dəyərlərimizin, tarixi keçmişimizin hər zaman dövlətin diqqətində olduğunu bildirərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam bunun təzahürüdür.

Sonra professor Əsgər Zeynalova söz verilib Əsgər Zeynalov "İrəvan Müəllimlər Seminarıyası" mövzusunda mühazirə oxuyub. O, bu mövzuda tədqiqatlara başlaması, araşdırma zamanı qarşılaşdığı çətinliklər, tədqiqatlarının nəticələrinin xarici ölkələrdə nəşr edilməsi ilə bağlı xatirələrini danışıb. Alim çıxışında İrəvan şəhərinin tarixi, azərbaycanlıların qədim zamanlardan orada yaşaması, İrəvan ziyalıları və onların fəaliyyəti, Seminariyanın tarixi əhəmiyyəti və digər məqamları diqqətə çatdırıb. Alim, ümumiyyətlə, elmi məqalələrin hazırlanması, tədqiqatların aparılması, beynəlxalq indeksli jurnallara çıxış və s. mövzularda da lazımlı məlumatlar verib.  

Liseyin pedaqoji kollektivi Əsgər Zeynalova onları maraqlandıran məsələlər haqqında suallar verib, müxtəlif mövzularla bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti