Logo

“Unibank”ın əməkdaşları BDU-da tələbələrə karyera quruculuğuna dair ustad dərsləri keçiblər

18.11.2022 14:51 225 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) əmək bazarının aparıcı şirkətləri ilə tələbələrin görüşlərini davam etdirir. Tələbələrin karyera quruculuğuna həsr olunan növbəti görüş “Unibank” əməkdaşları ilə keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, tədbirdə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov “Unibank”la əməkdaşlıqdan danışıb, bankın gənclərin karyera quruculuğu istiqamətində atdığı addımları yüksək qiymətləndirib. Əmək bazarında baş verən sürətli dəyişikliklərin tələbələrə aşılanmasının əhəmiyyətini qeyd edən V.Həsənov əmək bazarı ilə təhsil müəssisələrinin daha sıx əməkdaşlıq etməsinin zəruriliyini söyləyib.

“Unibank”ın Təşkilati inkişaf şöbəsinin müdiri Viktoriya Hüseynova görüş üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib və bu formada əməkdaşlığın davamlı olacağını qeyd edib.

Sonra bank əməkdaşları İnci Əsgərova “Uğurlu müsahibə”, Əfqan Baxışov “Maliyyə xidmətlərində rəqəmsallaşmanın hüquqi çağırışları”, Emin Ələsgərov “Data emalı”, Arif Məmmədzadə “Pərakəndə bankçılıq” mövzularında ustad dərsləri keçib, iştirakçıları əmək bazarındakı tendensiyalarla tanış ediblər.

Tələbələrə həvəsləndirici hədiyyələr təqdim olunub.

Xəbər lenti