Logo

Sosial-İqtisadi Kollecdə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

18.11.2022 17:32 327 baxış
IMG

Noyabrın 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə rayon polis idarəsi “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, tədbir iştirakçıları öncə tələbələrin “Narkomaniyaya yox deyək!” mövzusunda hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Sabunçu Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini polis polkovniki Sədi İsmayılov, Sabunçu Rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Narkomaniya və Narkotik Vasitələrə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev, Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi polis kapitanı Ata Atayev, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili polis leytenantı Adil Xudayarov, Sabunçu Rayon İdman və Gənclər İdarəsinin müdir müavini Malik Məmmədov, UNEC Tələbə Gənclər Təşkilatının sədri Mətləb Qarayev iştirak ediblər.

Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Vidadi Orucov narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat xarakterli görüşlərin keçirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu sahə ilə bağlı davamlı olaraq profilaktik tədbirlər həyata keçirilir.

Tədbir iştirakçıları narkomaniyanın acı fəsadlarından danışaraq qeyd ediblər ki, narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir.

Əsrin bəlasının yayılmasının əsas səbəblərini təhlil edən tədbir iştirakçıları cəmiyyətin bütün üzvlərini problemin həllində birgə fəaliyyətə, qarşılıqlı əməkdaşlığa çağırıblar. Müasir gəncliyi, xüsusən də onun böyük bir hissəsini təşkil edən tələbələri narkomaniyadan qorumaq məqsədilə profilaktik tədbirlərin, maarifləndirici görüşlərin vacibliyini önə çəkən ekspertlər faktlar əsasında narkomaniyanın cəmiyyətə vurduğu böyük mənəvi zərbəni şərh ediblər, cəmiyyətin mənəvi əsaslarını dağıdan bu bəladan qurtulmaq üçün yeniyetmə və gənclərə zərərli vərdişlərin fəsadları haqqında mütəmadi məlumat verilməsini zəruri sayıblar.

Sonra tələbələr “Narkomaniyaya yox deyək!” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonda məruzələr ilə bağlı fikir mübadiləsi aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti