Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Xoreoqrafiya Akademiyasında (BXA) olub.
Bu barədə "Tehsil.biz"ə akademiyadan məlumat verilib.
Bildirilib ki, əvvəlcə qonaqlar BXA-nın müəllimləri Xalq artisti Yusif Qasımov, Əməkdar artist Səbinə Qasımova, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluşunda və akademiyanın tələbələrinin ifasında “İgidlər”, “Cəngi”, “Xatirələr”, “Burevestnik” və “Jize" baletindən “Qalop”u izləyiblər. Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədov müəllimlərlə görüşüb rəqslər barədə müsbət fikirlərini bildirib.
Daha sonra Özbəkistan Mədəniyyət Nazirliyinin nümayəndələrinə BXA-nın dərs zalları, keçmiş və hazırkı aparıcı müəllimlərinin fotoları və fəaliyyətləri təqdim olunub.
Dostluq və əməkdaşlıq çərçivəsində keçirilən görüşdə Bahadır Əhmədov səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. O qeyd edib ki, Özbəkistan və Azərbaycan mədəniyyətlərinin daha da sıx inkişafı üçün Bakı Xoreoqrafiya Akademiyası ilə əlaqələr davam etdirilməli, tələbə-müəllim mübadiləsi aparılmalı, qarşılıqlı ustad dərsləri keçirilməli, birgə layihələr reallaşdırılmalıdır. Bahadır Əhmədov BXA-nın rəhbərliyini və aparıcı müəllim heyətini Özbəkistana dəvət edib.
BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmmədzadə Özbəkistanın nümayəndə heyətini akademiyada görməkdən məmnun olduğunu bildirib və birgə layihələr, gələcək əməkdaşlığa hazır olduqlarını söyləyib.