Logo

Türkiyənin Dokuz Eylül Universiteti və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi seminara yekun vurulub

20.11.2022 10:32 272 baxış
IMG

Türkiyənin Dokuz Eylül Universiteti (DEU) və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən fundamental elmlər üzrə ikinci beynəlxalq ikitərəfli onlayn seminar başa çatıb.

AMEA-nın mətbuat xidmətindən bildirilib ki, seminara fəxri sədrliyi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və DEU-nun rektoru, professor Nükhet Hotar, sədrliyi isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və DEU-nun Fənn fakültəsinin dekanı, professor Aylin Alın edib.

Bağlanış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli artıq ikinci ildir təşkil olunan beynəlxalq tədbirin əhatə dairəsinin genişlənməkdə olduğunu, dünyada böyük maraq doğurduğunu bildirib. O, seminarın dünya elminin nailiyyətlərini öyrənmək üçün mükəmməl bir platforma olduğunu qeyd edib.

Azərbaycan və Türkiyə alimlərinin dünya miqyasında elmi tədqiqatlar aparmaq potensialına malik olduğunu deyən akademik İsa Həbibbəyli ikitərəfli elmi seminarda müzakirə olunan mövzular üzrə yüksək nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

“Türkiyə-Azərbaycan birliyi dünya üçün ortaq qardaşlıq nümunəsidir”, - deyə vurğulayan AMEA rəhbəri 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstəyini yüksək qiymətləndirib. Alim işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsində, Qarabağın yenidən qurulması prosesində də Türkiyənin Azərbaycana hər cür dəstək verdiyini diqqətə çatdırıb.

Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən Zirvə Görüşünün əhəmiyyətini qeyd edən akademik bu görüşün Azərbaycan-Türkiyə birliyinin türk dünyasında möhtəşəm birliyin qurulması üçün mötəbər bir təməl olduğunu bir daha göstərdiyini diqqətə çatdırıb. AMEA prezidenti birgə simpoziumlar və ortaq layihələr təşkil etmək, beynəlxalq əlaqələri daha da genişləndirmək məqsədilə DEU-nun rektoru, professor Nükhet Hotarı Azərbaycana dəvət edib.

Akademik İsa Həbibbəyli, həmçinin gələn il təşkil olunacaq seminarda Orta Asiya ölkələrinin alimlərinin iştirakının önəmini qeyd edib. O, müxtəlif elm sahələrini əhatə edən tədbirə humanitar və ictimai yönümlü bölmənin əlavə olunmasını təklif edib.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova seminarın elmi əməkdaşlıq əlaqələrinin qurulmasına və elm qarşısında duran aktual problemlərin həllinə istiqamətlənmiş birgə tədqiqatların aparılmasına ciddi təkan verəcəyinə inamını bildirib. O, ötən il beynəlxalq seminarda 5 elm sahəsi üzrə ümumilikdə 20 məruzənin təqdim olunduğunu, bu il isə 6 seksiya üzrə 31 məruzənin dinlənildiyini diqqətə çatdırıb. Akademik İradə Hüseynova seminarın məruzəçi və iştirakçılarına təşəkkür edib.

Sonda Dokuz Eylül Universitetinin Fənn fakültəsinin dekanı, professor Aylin Alın çıxış edərək səmərəli fikir mübadiləsi şəraitində keçən seminarın həm Azərbaycanın, həm də Türkiyənin elmi-mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib.

Xəbər lenti