Noyabrın 15-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Yaşıl enerji” mövzusunda seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, seminarda Mingəçevir Bələdiyyəsinin nümayəndələri, MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak ediblər.
KİM-in mütəxəssisi İlhamə Məmmədova qlobal Dayanıqlı İnkişaf Məqsədlərində və Milli Prioritetlərdə “yaşıl enerji” konsepsiyasının diqqət mərkəzində saxlanıldığını qeyd edib, gənclərin bu istiqamətdə fəaliyyətlərə marağının artırılması və təşviq edilməsi baxımından seminarın önəmini vurğulayıb.
Sonra, Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova təqdimatla çıxış edərək hazırda dünyada tükənən ənənəvi enerji mənbələri, günü-gündən artan enerji tələbatı və mövcud ekoloji vəziyyət fonunda “yaşıl enerji”nin əhəmiyyətindən bəhs edib. Təqdimat zamanı ölkədə bərpaolunan enerji potensialı, “yaşıl enerji”yə keçidlə bağlı atılan addımlar və perspektiv fəaliyyətlər barədə ətraflı məlumat verilib və tələbələrin sualları cavablandırılıb.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.