Noyabrın 15-də Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Bərk məişət tullantılarının idarə olunması” mövzusunda elmi-praktiki seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, seminarda Mingəçevirdə fəaliyyət göstərən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) əməkdaşları, fakültənin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
Seminarda giriş sözü ilə çıxış edən Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova bərk məişət tullantılarının idarə olunmasının aktual problemlərdən biri olduğunu vurğulayıb və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinin önəmini diqqətə çatdırıb.
Sonra, tullantıların ətraf mühitə və canlı orqanizmə mənfi təsirləri ilə bağlı videoçarx izlənilib və seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. Mühəndislik fakültəsinin tələbələrindən Nurlan Əhmədzadə “Tullantıların emal üsulları”, Türkan Hacızadə “Bərk məişət tullantılarının utilizasiyasının idarə edilməsi”, İlahə Bayramlı “Tullantıların idarə edilməsində davamlı inkişaf indikatorlarının rolu” və RETSİ-nin əməkdaşları Gültac Alıyeva-Rzayeva və Fərid Məlikov “Mingəçevir şəhərində tullantıların idarə olunması” mövzusunda məruzələrlə çıxış ediblər. Maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.