Özbəkistana səfəri çərçivəsində Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib.
Tehsil.biz xəbər verir ki, görüş zamanı “Nizami İli” çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin çoxsaylı layihələr həyata keçirməsi yüksək qiymətləndirilib.
Nizami Gəncəvinin irsini türk dünyası ədəbiyyatının zirvəsi adlandıran Nizamettin Aykurt bildirib ki, qüdrətli söz ustadının “Xəmsə”sinə daxil olan beş əsərin özbək dilində nəşr edilməsi, Nizami Gəncəvi və Əlişir Nəvainin Azərbaycan və Türkiyə fondlarında saxlanılan nadir əlyazmalarının elektron versiyasının Özbəkistanın Əlyazmalar və Şərqşünaslıq institutlarının fondlarına hədiyyə edilməsi, Daşkənddə elan olunan müsabiqə nəticəsində özbək alimləri tərəfindən çoxsaylı tədqiqat əsərlərinin yazılması, iki monoqrafiyanın çap olunması, “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində müxtəlif tədbirlərin təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir.
Sonra Fondun təsis etdiyi “Nizami Gəncəvi” medalı dahi şairin irsinin Özbəkistanda uğurlu təbliğinə görə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim edilib.
Həmyerlimiz milli mədəniyyətimizə, ədəbiyyatımıza və Nizami Gəncəvi irsinə həssaslıqla yanaşmasına və yüksək etimada görə qonağa təşəkkürünü bildirib.