Oktyabrın 26-da elan olunmuş daxili müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, elan üzrə 2 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 3 vakant vəzifə müsahibəyə çıxarılıb.
Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 4 namizədlə 4 müsahibənin keçirilməsi planlaşdırılır. Ən yüksək müsabiqə vəziyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məxfi şöbə, şöbə müdiri (11 vakant yer üzrə 1 namizəd) vəzifəsi üzrə qeydə alınıb.
Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər. Müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.