Logo

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ADPU-nun tədbirlər planı təsdiqlənib

22.11.2022 16:49 84 baxış
IMG

Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan bildirilib. Elmi şuranın sədri, universitetin rektoru professor Cəfər Cəfərov ali təhsil ocağının növbəti strateji inkişaf planının hazırlanması, habelə, yeni hədəflər istiqamətində aparılan ardıcıl fəaliyyət haqqında məlumat verib. O, tədris prosesinə istedadlı və ixtisaslı gənc kadrların cəlb olunması, universitetdaxili, digər tərəfdaş və maraqlı qurumlar, habelə müxtəlif layihələr üzrə ümumrespublika müntəzəm təlim proqramlarının həyata keçirilməsini diqqətə çatdırıb.

Rektor bildirib ki, universitetin ikinci yüzillik strategiyasında hərtərəfli yenilənmə və rəqabətqabiliyyətlilik kimi meyarlar nəzərə alınacaqdır. Göstərilən hədəflərə çatmaqda növbəti il keçiriləcək institusional akkreditasiyanın böyük önəmi var, bununla belə müvafiq strukturların beynəlxalq akkreditasiya proqramlarını tədqiq etmələri və təkliflər paketi hazırlamaları tövsiyə olunur.

C.Cəfərov Türkiyəyə işgüzar səfərini xatırladaraq qeyd edib ki, ali təhsil müəssisəsinin inkişafında xarici əlaqələrin, xüsusilə qardaş Türkiyənin ali təhsil və tədqiqat müəssisələri ilə əlaqələrin genişləndirilməsi, ikili proqramların icrası mühüm əhəmiyyət kəsb edir.

Prorektor Eldar Aslanov 2022/2023-cü tədris ilində universitetdə keçiriləcək institusional akkreditasiya prosesinə hazırlıq barədə məruzə ilə çıxış edib. E.Aslanov universitetin bu prosesdə yüksək səviyyədə təmsil olunaraq yeni imkanlar qazanacağına əminliyini ifadə edib.

Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ADPU-nun tədbirlər planı haqqında məruzə edib.

Şuranın iclası əməkdaşların yeni dərs vəsaitlərinin nəşrinin və tədrisə dair bir neçə məsələnin müzakirəsi ilə davam edib.

Yekunda Elmi şura institusional akkreditasiya ilə bağlı təklif olunan tərkibdə Təşkilat Komissiyasının yaradılması və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ADPU-nun tədbirlər planının təsdiq edilməsi haqqında qərar qəbul edib.

Xəbər lenti