Logo

Diaspor gəncimiz İtaliyadakı beynəlxalq konfransda Ermənistanın hərbi cinayətlərinə diqqəti cəlb edib

23.11.2022 18:27 246 baxış
IMG

İtaliyanın nüfuzlu Padova Universitetinin İnsan Hüquqları Mərkəzində "Müharibənin nəticələri və onların qarşılıqlı asılılıqları: insan təhlükəsizliyinin qlobal gündəmə çıxarılması" mövzusunda beynəlxalq konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda Azərbaycan, İtaliya, ABŞ, Ermənistan, Polşa, Ukrayna, Kolumbiya, Gürcüstan, Macarıstan, Birləşmiş Krallıq kimi 15-dən çox ölkədən araşdırmaçı və tələbələr iştirak ediblər.

Konfransda məruzə ilə çıxış edən Azərbaycan Diaspor Gəncləri (ADG) platformasının üzvü, Polşanın Vrotslav Universitetinin doktorantı Suliddin Bağırov Birinci Qarabağ müharibəsi zamanı etnik azərbaycanlılara qarşı törədilən sistematik hərbi cinayətlərdən danışıb. "Human Rights Watch" və "Memorial" təşkilatlarının 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsində insanlığa qarşı cinayətlər barəsində hazırladığı hesabatlar, xarici media qurumlarının Xocalı soyqırımı ilə bağlı hazırladığı reportajlar və fotomateriallar barədə ətraflı məlumat verib.

Dəlil və sübutların mövcudluğuna baxmayaraq, beynəlxalq ictimaiyyətin indiyədək dinc azərbaycanlılara qarşı törədilən Xocalı, Qaradağlı, Ballıqaya, Başlıbel kimi qətliamlara lazımi hüquqi qiyməti vermədiyinə diqqət cəlb edilib. Qeyd edilib ki, məhz bu cinayətkarlar cəzasız qaldıqları üçün Ermənistan hərbi-siyasi rəhbərliyi İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir və digər şəhərlərdə yaşayan dinc sakinlərə qarşı növbəti dəhşətli müharibə cinayətlərini törətməkdən çəkinməyib.

Cənubi Qafqaz bölgəsində belə faciələrin təkrarlanmaması və dayanıqlı sülhün bərqərar olması naminə müharibə cinayətlərini törədən və aralarında Ermənistanın hərbi-siyasi elitasının nümayəndələrinin də olduğu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyi nəzərə çatdırılıb.

Xəbər lenti