Yeni Azərbaycan Partiyasının yaradılmasından ötən 30 illik zaman məsafəsi dünənimizə baxış fonunda bu günümüzün reallıqlarının təhlili və onların əsasında perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrdür. İllər biri-birini əvəzlədikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur və düzgün qiymətləndirmənin aparılması üçün daha geniş imkanlar yaranır.
Azərbaycan ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərliyi dahi şəxsiyyət Heydər Əliyevin etməsi ilə bağlı ulu öndərə müraciət etdilər. Şübhəsiz ki, Vətənini, xalqını canından artıq sevən, hər zaman Azərbaycanın gələcəyi barədə düşünən, ölkəmizin müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən ulu öndər Heydər Əliyev xalqın yaşadığı çətin vəziyyətə biganə qala bilməzdi. Ulu öndərin ziyalıların müraciətinə “Yeni Azərbaycan uğrunda” cavabı da bugünkü inkişafın prioritetlərinin təqdimatı oldu.
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı.
2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi, regionun aparıcı siyasi təşkilatına çevrildi. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin göstəricisidir.Yeni tərkib, yeni qərarlar partiyanın qarşısında geniş üfüqlər açdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini seçilməsi də bu yeniliklər sırasında oldu. Birgə səyləri nəticəsində ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı zirvələrə yüksəldən dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələrin icra edilməsi istiqamətində uğurla fəaliyyət göstərirlər.
Yarandığı gündən sözlə əməl birliyi partiyanın nüfuzunu gündən-günə artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir, yeni-yeni hədəflərə nail olmaq üçün töhfələr verməsində stimul rolunu oynayır. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edir.
30 illik yubileyini tarixi Zəfərimizin yaratdığı xoş ovqat əsasında qeyd edən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü təbrik edir, yeni reallıqların qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi işində onlara uğurlar arzulayır.
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib."Bu gün biz Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü qeyd edirik. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm.Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar.
Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, milli ənənələrə, azərbaycançılıq ideyalarına sadiqdir”.
Bu gün əminliklə demək olar ki, yaradıcısı Ulu öndər olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
Rəmziyə Aslanova
Xocavənd rayon Təhsil Sektorunun Ərazi Partiya Təşkilatının sədri