Logo

Şəhidin söz xatirəsi – "Hər şey Vətən üçün"

24.11.2022 15:33 608 baxış
IMG

27 sentyabr 2020-ci il. Bu səhər tam fərqli açıldı. Səhərdə gurultu qoparan top mərmilərinin, ağır artilleriyanın vahiməli səsləri, bir də xalqın narahatlığı vardı. Radio, televiziya, bir sözlə hər kəs müharibədən danışırdı. Bəlkə də olanlar müharibəyə həsr olunmuş filmi xatırladırdı. Amma bu səhərdə olanlar gerçək idi. 

Tarixin haqdan doğan günü – Zəfərə aparan yol həmin müqəddəs tarixdən başladı. Keçilməz əngəlləri aşdığımız, düşmənin dəmir yumruqla başını əzdiyimiz – 27 sentyabr günü. 

30 illik həsrət qaldığımız Vətən torpaqlarına fiziki və mənəvi yaxın olmağımıza inanırdıq. Bu inam, bu güc həsrəti, arzunu, istəyi reallığa çevirirdi.

Qarabağın üzünü belə görməyən gənclər əlinə silah alıb səngərə atıldılar.

Haqq savaşına çıxanlar arasında Səid və Əli qardaşları da var idi. İki qardaş müharibənin ilk günündən ayrı-ayrı cəbhələrdə xidmət edirdi. Bir valideyn üçün iki oğlunu cəbhəyə yola salmaq nə qədər çətin olsa da bir o qədər də qürurlu idi. Çünki onlar haqq yolunda vuruşurdu. 

XTQ-nin əsgəri Səid Eldəniz oğlu Bayramov iyulun 13-ü 1999-cu ildə Kürdəmir rayonu Çöl-Ərəb kəndində dünyaya göz açıb. 2006-cı ildə Birinci Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olan Əkbər Şəmiyevin adını daşıdığı Çöl-Ərəb kənd ümumi orta məktəbin birinci sinfinə daxil olur. O, hər zaman 
ağılı, davranışı, Vətənə sevgisi ilə fərqlənirdi. Səidin hərbiyə marağı tükənməz idi. Hətta 9-cu sinifi bitirdikdən sonra sənədlərini hərbi məktəbə versə də qəbul ola bilmir. Amma tale yurduna sonsuz sevgisi olan bu igidin ömrünün sonunu hərbiyə bağlayır. Səid məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanır. 2018-2019-cu illərdə ön cəbhədə Vətənə layiqli xidmət edir, elə buna görə də bir 
neçə dəfə təltiflərə layiq görülür. Müddətli həqiqi xidmətini başa vurduqdan sonra bir müddət fərqli işlərdə çalışır. 

2020-ci ilin iyul ayında baş verən döyüşlər Polad Həşimovun şəhid olması bir çox gənc kimi onun da qisas hissini artırır və Qarabağın yağı düşməndən azad olunacağı günü təlaş və həyacan içində gözləyir.

Əks-hücum əməliyyatı başlayan gündən döyüşlərdə fəal iştirak edən Səid cəbhənin Murovdağ, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı istiqamətində qəhrəmanlıq səhifəsi yazır. Bu qəhrəman həmçinin kəşfiyyatçı olaraq Şuşa uğrunda gedən döyüşlərdə də iştirak edir, sıldırım qayaları dırmaşan, cənnət məkana ilk ayaq basanlardan olur. 

O, tez-tez ailəsinə zəng edir, onları nigaran qoymurdu. Oktyabrın 31-i Səid ailəsiylə əlaqə saxlayır "Hər şey yaxşıdı narahat olmayın" deyib sağollaşır. Bir ana nə bilərdi axı bu zəng onun son zəngi idi: bir daha oğlunun səsini, onun dilindən "Ana" kəlməsini eşitməyəcək.

Noyabrın 1-i Səid Şuşa uğrunda gedən ağır döyüşlərdə şəhadətə ucalır. Hər şeydən 
xəbərsiz olan ailə onun zəngini gözləyir, amma o zəng bir daha gəlmir. Səidin şəhid olma xəbəri noyabrın 5-i gəlir. Həmin gün sanki yer-göy bir ananın fəryadına ağlayırdı. Həmin gün o eldə bir hüzn vardı, çünki Vətən öz övladını, el-oba isə hər kəsin xatirəsində xoş qalan bir igidini itirmişdi.

Səidin nəşi Noyabrın 5-i doğulub boya-başa çatdığı Kürdəmir rayonu Çöl-Ərəb kəndində torpağa tapşırıldı. 

Onun qısa, amma şərəfli ömür yoluna baxıb fəxr edirik. Şəhidlər ölməz onlar daim xatirələrdə yaşayarlar. Səiddən bizlərə qalan rəsmləri, birdə zəfər tariximizə qanıyla atdığı imzasıdır.

Səid Bayramov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "3-cü dərəcəli Vətənə xidmətə görə" ordenləri ilə təltif edilir. Eyni gündə müharibəyə yolanan qardaşı Əli isə "Suqovşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" ordenlərinə layiq görülür. 

Əsrlərlə şərəfli tarixi olan 50 milyonluq, o taylı, bu taylı xalq qəhrəman Vətən övladları ilə hər zaman fəxr edir.

Məzarında rahat yat, ölməz Vətən oğlu, necə ki sən şəhidlərimizin qisasını almağa getmişdin, sənin də qısasın alındı. Can verib, qan tökdüyün müqəddəs Qarabağ torpağında bu gün Vətənin qeyrətli oğulları xidmət edir, əmanət etdiyin torpağı qoruyurlar. Allah Vətən uğrunda şirin canlarını qurban verən şəhidlərimizə rəhmət, müharibənin acı həqiqətlərini öz cismlərində daşıyan qazilərimizə şəfa versin. 

Tanrı xalqımızı, Vətəninin keşiyində duran əsgər və zabitlərimizi qorusun! 

Qarabağ əzəli, əbədi Azərbaycandır!

Asiman Hafizqızı

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti