Logo

ADNSU-da BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 60 illik yubileyi qeyd olunub - FOTO

24.11.2022 16:51 55 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin 60 illik yubileyinə həsr olunmuş “Müasir gənclik və rəqəmsal kitabxana” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova tədbir iştirakçılarını salamlayıb, fakültənin kollektivini, tələbə və məzunlarını 60 illik yubiley münasibətilə təbrik edib. Tədbirin moderatoru - Azİİ e-Kitab Evinin direktoru, Kitabxanaçılıq-informasiya fakültəsinin məzunu Səlahət Mahmudova müasir cəmiyyətdə kitabxanaçılıq və informasiya fəaliyyətinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu sahədə kadr hazırlığında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi xüsusi mövqeyə malikdir: “Fakültə sahə üzrə elmi mərkəz kimi də nüfuz qazanıb. Bu günə qədər fakültəni 6000-dən çox məzun bitirib, onlar ölkənin bütün kitabxana-informasiya strukturlarında səmərəli fəaliyyət göstərirlər”. Səlahət Mahmudova vurğulayıb ki, rəhbərlik etdiyi qurumun əməkdaşlarının əksəriyyəti məhz bu fakültənin məzunlarıdır.

Tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı, dekan müavini Zahidə Rzayeva, kafedra müdirləri Nadir İsmayılov, Knyaz Aslan, Sevda Xələfova, Biblioqrafiyaşünaslıq kafedrasının magistrantı Lamiyə Əliyeva çıxış edərək fakültənin tarixi, bu günü, gələcəyi və qarşıda duran vəzifələri barədə məlumat veriblər. Çıxış edənlər fakültənin 60 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsinə görə ADNSU-nun rəhbərliyinə minnətdarlıq ediblər.

Tədbir Azİİ e-Kitab Evi ilə tanışlıqla davam edib, iştirakçılara Azİİ e-Kitab Evinin proqram və sistem təminatı, eləcə də 24/7 fəaliyyəti barədə məlumat verilib.

Sonda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 60 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Xəbər lenti