“Yaşamağın məqsədi vətənə çevrilməkdir. İnsan özü boyda vətən ola bilmirsə, içində vətən boyda vətən daşımırsa” o Vətən daşı ola bilməz. Vətənin Vətəndaşı olmaq üçün onu sevmək, qorumaq, onun uğrunda canını belə əsirgəməmək lazımdır!
Mənim Şəhid qardaşım, Şəhid oğlum! Bilmirəm Sənə qardaşımmı deyə müraciət edim, ya oğlummu. Məncə hec fərq etməz. Axı Sən bir anaya, bir bacıya, bir elə-obaya yox, Vətənə oğulluq etdin. Zəfər dolu bir qəhramanlıq tarixi yazdın. Cəsarətinlə bir daha sübut etdin ki, bu Vətənin Babək, Həzi, Ramin, Mübariz qeyrətli oğulları heç vaxt ölmür. Yurdsevərliyinlə böyüdün “Vətən boyda oldun”, özünü unudub “Vətən oldun, Vətənləşdin”, mənim adı kimi əməli də Polad olan qardaşım. Vətən üçün varından, yoxundan, canından keçdin. “Vətən bir millətin evidir” tövsiyyəsini qulağında sırğa edərək illərlə o evi canın, qanın bahasına qorudun. (Əslində sənin bəzi “general”larımızdan fərqin də elə odur ki, varın da, yoxun da Vətən, millət qeyrəti idi. Doğrusunu deyim Səndəki bu gözütoxluğa, sadəliyə çoxları lap məhəttəl qalıb. Axı “general”larımız var ki, ev-eşiyinin, bağ-baxcasının, maşınlarının sayını itirib).
Qəhramanlığınla “min ömrü, milyon ömrü” özündə yaşadaraq “hər könüldə zirvələşdin”. Bir daha sübut etdin ki, Vətən, torpaq, millət qeyrəti çəkmək qəhramanlıqdır. Qəhramanlıqsa “mənəviyyatdır, şərəfdir, mənliyin, heysiyyətin, toxunulmazlıq qanunudur”. İgidliyinlə tarix yazaraq yurd-yuva, el-oba “sevgisini ürəklərə səpdin”, Vətənə sahib olmağı “hər vətəndaşın şüuruna” həkk etdin, “Vətən borclu deyil, biz borcluyuq vətənə” sözlərini həqiqətə çevirdin. Əməlinlə bir daha sübut etdin ki, “tarix daim qəhramana yerikdir”. Sən Vətən eşqini, torpaq, millət qeyrətini ən dadlı nemətlərə, xoş gün-güzarana dəyişmədin. Mənəvi zənginliyinlə, əxlaqı saflığınla, böyük vətənpərvərliyinlə milyonlara örnək oldun. Hər kəsə nəsib ola bilməyən “İlahi bir eşq” Səni Vətən sevdalısına Haqq yolçusuna çevirdi. Bu yoldan Səni heç bir qüvvə döndərə bilmədi. Boşuna deməyiblər ki, “bəşəriyyətin bu gün öyünəcəyi nə varsa, mənən zəngin olanların qazandıqları, qoyub getdikləridir”.
General-mayor Polad Həşimov. Bu gün bu ad təkcə Azərbaycanda deyil, böyük Türk Dünyasında necə böyük sevgi ilə, sayğı ilə çəkilir. Bu sevgini qazanmaq üçün milyonların qəlbində “Vətənləşə bildin” mənim Şəhid qardaşım! Bu qısa ömründə (cəmi 45 yaş) “əsrlərə sığışdırıla bilməyən ömür” yaşayaraq ən uca, ən ülvü sevgiyə sahib oldun. Siravi əsgər də, general da olanda “özünçün yaşamadın. Heç düşüncəndə də”. Əsgərini düşündün, Vətənini, millətini, yağı tapdağında qalan torpağını düşündün. Namusu ayaqlar altına atılan, bakirəliyi ləkələnən, imdad diləyən qız-gəlninin qisasını qiyamətə qoymadın. “Vətən təkcə bir torpaq olmadığını” namus, qeyrət olduğunu anlatdın dığalara, dərsini verdin, yerini göstərdin, həddini bildirdin.
Yurduna-yuvana, xalqına edilən haqqsızlıqlar, acılar qəlbini didib-parçaladı, içindən yedi, bunu nə kişiliyinə, nə rütbənə sığışdıra bildin... Çoxlarından fərqli olaraq özünü üstün tutmadın, başqalarına yuxarıdan aşağı baxmadın, rütbəni hər an “gözə soxmadın”. (Sənətimlə bağlı saysız-hesabsız yüksək rütbəli insanlarla görüşmüşəm. Əksəriyyətindəki, ədaya, mənəviyyatsızlığa rütbəsini hər an gözə soxmasına, vəzifəcə özündən aşağı olan insanların yanında “şirə” dönməsinə şahid olmuşam. Biləndə ki, bu “şir”lər həmin “rütbə”yə hansı yolla gəlib çatıb, təəssüf hissi keçirmişəm). Qələm yoldaşım Seymur yazır ki, “Əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, o da çox nadir komandirlərdən idi”. Uzun illər hərbi xidmətini başa vurub gedən əsgərlərin bu gün Sənin xeyirxahlığından, insanpərvərliyindən, cəsusluğundan ağız dolusu danışırlar. Çünki hər zaman əsgərinin yanında ona arxa-dayaq olmusan, sonuncu loxmanı belə onlarla bölmüsən. Ən ağır döyüşlərdə əsgərinlə ön cəbhədə çiyin-çiyinə duraraq ona güc, qüvvə, inam vermisən. Murov, Daşkəsən kimi ağır döyüş bölgələrindəki cəsarətin düşmənin gözünə ox olub batdı. Məşhur aprel döyüşlərində xəsarət alsan da əsgərini meydanda tək qoymadın. Bu mərdliyin, cəsarətin, qorxmazlığın bir daha sübut etdi ki, “Məqsədə çatmaq üçün öz canını fəda etmək böyük insanlara xas olan keyfiyyətdir”. Sənin də bir məqsədin, bir arzun var idi: “Qarabağı azad etmək!”.
Bunu aprel döyüşlərindən sonra telefon söhbətimizdə bir daha vurğuladın. Uğurların haqqında bir yazı yazmaq istədiyimi bildirdikdə “uğur o zaman olacaq ki, qələbə bizim olacaq” deyə söhbətdən uzaqlaşdın.
14 iyul 2020-ci il. Sənin ölüm xəbərini eşitdim. Əvvəl Sumqayıta, sonra isə (birinci cümə axşamı) ata-baba yurdun olan Qəbələ rayonunun Vəndam kəndinə gəldim. Məclisində hamı ağlayırdı. Amma heç kim qışqıra-qışqıra, bağra-bağıra yox. İçindən qıvrıla-qıvrıla, oyula-oyula. Əslində heç kim yoxluğunla barışa bilmədiyi üçün yanıb-yaxılırdı. Bu gün Sən bir ananın oğlu, bir bacının qardaşı deyildin. Bir Vətənin oğlu idin. Bu Vətən oğlunun yoxluğu da, itgisi də elə Vətən itgisi kimi böyük oldu.
...Nə anana, bacına, nə də ömür-gün yoldaşına təsəlli verəcək, ovundura biləcək bir söz tapmadım. (Ömrümün yarıdan çoxunu sözlə keçirsəm də sanki lal oldum. Sözlər boğazımda tıxandı qaldı). Gözlərinə baxdım, qəlbim odlandı, parcaladı ürəyimi o baxışlar. Ürəyimin başı oyuldu. Göz yaşlarım bəbəklərimi yandırdı. Bu an diqqətimi kənarda dayanan üç uşaq cəlb etdi. Soruşdum, dedilər Poladın övladlarıdır. (Sanki ruha dönmüşlər, donuq nəzərlərlə gəlib-gedənə baxırdılar. Sonsuzluğa dikilib qalmış baxışlarilə, bu insan seli arasında atalarını axtarır-arayır, bir daha boynuna sarılmaq istəyirdilər. Həsrət çəkən gözləri yollara dikilmişdi).Yaxınlaşıb bağrıma basmaq, göz yaşlarını silmək istədim. Bacarmadım. Gözlərində donub qalmış bir damla yaşdan, dillərində bir də səslənməyəcək Ata gəlməsindən qorxdum.
Qara haşiyəyə alınmış şəklinə ürəyim yana-yana baxıram, qəhramanlıq boyunuza-buxununuza biçilib. Çöhrənizdən, gözünüzdən nur süzülür. Yaşamaq-yaratmaq, sevmək-sevilmək sevgisi bütün varlığınıza hakim kəsilib. Arzu dolu, ümid dolu baxışlarınızda həyat eşqi gördüm. Amma o baxışlarda bir nakamlıq, narahatlıq da hiss etdim. Körpə balalarından, səngərdəki əsgərlərindən, yağı tapdağında olan torpağından, gözləri yollarda qalan anadan, xoş sözünə, üzünə həsrət qalan ömür-gün yoldaşından nigarançılıq duydum. Şəklinə baxdıqca yoxluğuna inanmaq istəmədim. Torpaq necə götürdü Səni? Yer payı idinmi? Ona görəmi Tanrı Səni yarlı-yaraşıqlı yaratmışdı? Nə tez ana dediyin torpaq soyudu, məzar oldu?
Məşhurlardan biri çox gözəl qeyd edib ki, “Gözəlliklə bərabər, çirkinlikdə var. Gözəl görmək-gözəl könüllərin işidir. Görmək istəyənlər üçün yetərincə işıq, istəməyənlər üçün kifayət qədər qaranlıq var...”. Mənim Şəhid qardaşım. Sən bu Vətənin hər daşını, kəsəyini, alağını belə, gözəl gördün, ağrısına, acısına məlhəm olmaq istədin. “Mənə nə var?” deyib yaxanı kənara çəkmədin. (Çox-çox təəssüf ki, bu gün “insanlıq belələrinin intizarındadır”. Hətta deyərdim tamarzıdır). “Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!” prinsipini özünə həyat amalı secərək məşhur aprel döyüşlərində nəyinki zatı qırıqların özlərinə, hətta himayədarlarına bir daha xatırlatdın ki, bu xalqın Vətən sevgisini, millət qeyrətini çəkən oğulları var. Amal, əməl yoldaşım, görkəmli alim Abid Tahirli demiş:
Sevinmə, arxalı köpək, xəbis düşmən,
Bir Polad əvəzi mini gələcək, hökmən!
Mərdi-mərdanəliyini, rəşadətini, cəsarətini çörəyi dizi üstə olan naxələflər həzm edə bilmədilər. Amma unudurlar ki, sabah bu naxələfləri məğlub və məyus edəcək min poladlar yetişəcək! Doğru deyiblər ki, “yaxşı insanlar özləri gedir, amma əməlləri qalır. Əməlləri qaldıqca özləri də qalır”. Mənim Şəhid qardaşım, Sənin də adın, əməlin, amalın daima bu xalqın qəlbində, ruhunda, yaddaşında yaşayacaq. Sənin ölümündən sonra Qəbələdə doğulan əksər oğlan uşaqlarına Polad adı qoyulub. Bir də ki, “Cəsur generalın qorxaq əsgərləri olmaz” deyiblər. Sənin arzunuz Şuşaya Azərbaycan bayrağını ilk olaraq özün taxmaq olub. Bu gün bu arzunu silahdaşların çin etdi. Odur ki, rahat uyu, ruhun şad, torpağın yumşaq olsun mənim Şəhid qardaşım!
Qərənfil Dünyaminqızı
Filologiya üzrə fəlsəfə doktoru