Logo

Kəlbəcərin azad olunmasından iki il ötür

25.11.2022 00:07 399 baxış
IMG

Bu gün Kəlbəcərin işğaldan azad edilməsindən iki il keçir.

"Tehsil.biz"in məlumatına görə, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatıb.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə gedib, ermənilərə 10 gün vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.

Azərbaycan Prezidenti İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Kəlbəcərin işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Kəlbəcərin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Xəbər lenti