Logo

Kəlbəcərərin doğma sahiblərinə qayıtması

25.11.2022 12:10 353 baxış
IMG

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş Nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir.

Bəyanatda qeyd edilən şərtlərə əsasən, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana 10 gün əlavə möhlət verildi. Artıq noyabrın 25-də erməni silahlı birləşmələri və orada qeyri-qanuni məskunlaşdırılan əhali Kəlbəcəri rahat və təhlükəsiz şəkildə boşaldıb. Vurğulamaq yerinə düşər ki, Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın atdığı addım bütün beynəlxalq konvensiyalara və hüquq normalarına uyğundur.

AXC-“Müsavat” cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti Kəlbəcərin işğalına şərait yaratdı.

Qeyd etmək yerinə düşər ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilib. Həmin dövrdə hakimiyyətdə olan  AXC-”Müsavat” cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaratdı.

Ümumiyyətlə, vaxtilə siyasi hakimiyyətə gəlmək üçün bütün vasitələrə əl atan həmin qüvvələr bu yolda hətta suverenliyimizi belə təhlükə altında qoymaqdan çəkinməmişdilər. Məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız ermənilər tərəfindən ard-arda ələ keçirilmişdi.

Xatırladaq ki, həmin dövrdə Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi və nə olursa-olsun, hakimiyyətə gəlmək istəyən Azərbaycan Xalq Cəbhəsi bu yolda bütün xəyanətlərə əl atırdı.
1993-cü ilin aprelində isə onların yaratdığı xaos, siyasi böhran, özbaşınalıq Kəlbəcərin də ermənilər tərəfindən işğal edilməsi ilə nəticələndi.

Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüb çıxırlar.

Vurğulanmalıdır ki, bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşdırılan insanlardır. Bəlli olduğu kimi, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlamışdı. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qalibiyyətin ardından əldə olunan razılaşmaya əsasən, qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüb çıxırlar.

Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Nəzərə alınmalıdır ki, təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov götürülüb və ya itkin düşüb. Azərbaycan əhalisi işğal zamanı özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunmuşdu.

Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi göstərir.

Ermənilər Kəlbəcərdə olan tarixi abidələri dağıdıb, meşə ərazilərini yandırıb, təbii sərvətləri talan ediblər.

Xatırlatmaq yerinə düşər ki, Kəlbəcər Ermənistanla sərhəd rayonudur. Şimaldan Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdən Tərtər, şərqdən Ağdam, Xocalı, cənubdan isə Laçın rayonları ilə əhatə olunub. 2020-ci il yanvarın 1-nə olan statistikaya görə rayonun 77 min əhalisi var. Rayondan məcburi köçkün düşənlərin 22 faizi Gəncədə, 14 faizi Bakıda, 12 faizi Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıblar.

Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır və mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri də bu yerlərdə yaradılıb. Rayonun dağ qalaları içərisində ən əzəmətlisi Lex qalasıdır. Lex qalası XIII-XIV yüzilliklərin abidəsidir. Ümumiyyətlə, Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastrlarıdır. Bundan başqa, rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir. Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tağlıdaş körpüsü, Kəlbəcər  Tarix-diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid   Əsədulla ziyarətgahı uzun illər işğal altında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılıb. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl, o cümlədən Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl ciddi antropogen təsirə məruz qalıb.

Bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisi faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqlarla zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri - sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib.

Eyni zamanda, Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometr, Bazarçay və Xaçınçayın uzunluğu isə təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə   Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarına və oradan da Suqovuşan su anbarına yığılırdı. Bu da işğalçının maraqlarını təmin edirdi. Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektar əraziyə suyun verilməsi nəzərdə tutulur.

Beləliklə, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcərin də qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.

Günel Qasımova

Ucar şəhər 6№-li tam orta məktəbin drektor müavini

Xəbər lenti