Logo

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir

25.11.2022 23:49 402 baxış
IMG

25 noyabr 2022-ci il tarixindən 10 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib. 

Tehsil.biz xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanlarında elana çıxarılan vəzifələrin 29-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 9-u B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, rəhbərin müavini-rəis müavini və Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi, rəhbərin müavini-direktor müavini vəzifələridir.

Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 9, Maliyyə Nazirliyində 8, İqtisadiyyat Nazirliyində 8, Mədəniyyət Nazirliyində 3, Kənd Təsərrüfatı Nazirliyində 2, Hesablama Palatasında 2, Qida Təhlükəsizliyi Agentliyində 2, Dövlət Turizm Agentliyində 2, Səhiyyə Nazirliyində 1 və Əqli Mülkiyyət Agentliyində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

  • 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 25 noyabr 2022-ci il tarixindən 9 dekabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti