Noyabrın 26-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş şəhəri B.Nəbiyev adına 3 nömrəli tam orta məktəbin 140 illik yubileyinə həsr olunan “Üç əsrin şahidi” adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov,Ağdaş şəhəri İcra Hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə, təhsil işçiləri, məktəbin yaşa görə pensiyaya çıxmış müəllimləri, məzun şagirdləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daha sonra qonaqlar sözügedən məktəbə baş çəkiblər və orada məktəbin tarixini əks etdirən sərgiyə baxış keçirilib, sinif otaqlarında tədris izlənilib.
Ağdaş şəhəri Habil Əliyev adına musiqi məktəbində təşkil olunan tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra məktəbin tarixini və keçdiyi yolu əks etdirən videoçarx izlənilib.
Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Ələs Novruzov gələn qonaqları salamlayaraq 140 ildir ki, fəaliyyət göstərən məktəbin tarixi, qazandığı uğurları, tanınmış ziyalıları və məzun şagirdləri haqqında məlumat bildirib.
Daha sonra çıxış edən millət vəkili, məktəbin məzunu Məzahir Əfəndizadə bu gün Azərbaycan təhsilinin inkişafına böyük diqqət və qayğının göstərildiyini, bu inkişafın Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Həmçinin təhsil aldığı bu məktəbin yubiley tədbirinə dəvət olunduğuna görə öz təşəkkürlərini bildirib.
İcra Hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə öz çıxışında XIX əsrdə belə bir dünyəvi məktəbin açıldığını və gələcək nəsillərin inkişafında və yetişməsində ziyalı təhsil işçilərinin əvəzsiz xidmətləri olduğunu qeyd edib.
Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxışında bildirib ki, Ağdaş şəhəri B.Nəbiyev adına 3 nömrəli tam orta məktəb tarixinə görə Regional Təhsil İdarəsinin əhatə etdiyi təhsil müəssisələri arasında ən qədim təhsil ocağıdır. Həmçinin bu təhsil müəssisəsinin zəngin ənənələrə malik olduğunu və Ağdaş təhsilinin milli-maarifçilik hərəkatının geniş vüsət aldığı dövrdən bu günə qədər tarixi inkişaf yolu keçdiyini qeyd edib.
Tədbirdə çıxış edənlər məktəbin 140 illik yubileyi münasibətilə öz təbriklərini çatdırıblar və bu məktəbin daim yeni-yeni uğurlara imza atmasını ən xoş arzularla bildiriblər.
Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.
Sonda uzun illər gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyəti və nümunəvi xidmətlərinə görə bir qrup müəllim Təhsil İdarəsinin Fəxri Fərman və hədiyyələri ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycanda açılan ilk dünyəvi məktəblərdən biri olan bu məktəb 1882-ci ildə “Rus-tatar” məktəbi olaraq 2 sinif olmaqla, ümumilikdə 18 şagirdlə fəaliyyətə başlayıb. 140 ildir ki, fəaliyyət göstərən bu məktəbin Bəkir Nəbiyev, Maqsud Şeyxzadə, Habil Əliyev, Bürhan Kərimov, Yaşar Səlimov, Ramiz Hacıyev kimi bir sıra məhşur və tanınmış ziyalıları bu təhsil ocağında təhsil alıblar.