Logo

Emin Əmrullayev İdarəetmə Sistemləri İnstitutunda olub

27.11.2022 16:17 196 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev İdarəetmə Sistemləri İnstitutunda (İSİ) olub.

"Tehsil.biz"in məlumatına görə, görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər səttarova, İSİ-nin baş direktoru akademik Əli Abbasov, icraçı direktor AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iştirak ediblər.

Öncə baş direktor Əli Abbasov institutun Azərbaycan elminin inkişafında oynadığı əhəmiyyətli roldan bəhs edərək aparılan tədqiqatlar, bibliometrik göstəricilər, alınan patentlər, kadr potensialı, beynəlxalq əməkdaşlıq əlaqələri və s. barədə ətraflı məlumat verib.

Ə.Abbasov institutda aparılan praktiki əhəmiyyətə malik cari tədqiqatlar nəticəsində yerli və beynəlxalq şirkətlərlə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Akademik əldə olunan mühüm elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində görülən işlərdən, o cümlədən “Əşyalar İnterneti” əsasında işləyən, neft sənayesində geniş tətbiq olunan və uğurla həyata keçirilən SCADA (Supervisory Control and Data Acquisition) tipli institut tərəfindən işlənib hazırlanan sistemdən bəhs edib. Ə.Abbasov müasir və avtonom idarəetməsi tələb olunan pilotsuz uçuş aparatlarının idarəetmə sistemlərinin işlənməsi, mürəkkəb və çətin formalizasiya olunan məsələlərin həllində önəmli rol oynayan təbii dillərin emalı və Azərbaycan dili əsasında hazırlanan və bir neçə çağrı mərkəzində təcrübi sınaqdan keçmə mərhələsində olan robot operator kimi tətbiqi əhəmiyyətə malik mühüm tədqiqatlar barədə Elm və Təhsil nazirinə məlumat verib. Nazir institutun nəzdində fəaliyyət göstərən, təcrübi konstruktor prosesinin həyata keçirildiyi Xüsusi Konstruktor Bürosu ilə tanış olub.

Sonra nazir institutla özəl sektor, o cümlədən startup, sənaye müəssisələrilə birgə qurulan və tətbiq olunan layihələrin yerinə yetirilməsində onlara yaradılan şəraitlə, bir qrup əməkdaşla, əldə olunan nəticələrlə, rast gəlinən çətinlik və problemlərlə tanış olub.

E.Əmrullayev institutun elmi və ictimai fəaliyyətini qiymətləndirərək aktual elmi problemlərin həlli istiqamətində aparılacaq tədqiqatlar, səmərəli əməkdaşlıq əlaqələri və elmlə təhsilin inteqrasiyası istiqamətində həyata heçiriləcək əməli tədbirlər barəsində öz tövsiyələrini səsləndirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı”na əsasən, İdarəetmə Sistemləri İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Xəbər lenti