Logo

Direktorlar üçün təşkil olunan maarifləndirici görüşlər başa çatıb - FOTO

28.11.2022 11:11 231 baxış
IMG

Paytaxtdakı məktəblərin direktorları üçün “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı keçirilən maarifləndirici görüşlər başa çatıb.

Tehsil.biz xəbər verir ki, paytaxtın Sabunçu, Xəzər və Pirallahı rayonlarını əhatə edən sonuncu görüşdə BŞTİ-nin Daxili nəzarət sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Aydın Rəhimov, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və məktəb direktorları iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edənlər paytaxtdakı təhsil müəssisələrinin rəhbərləri ilə məktəblərdə neqativ halların qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik söhbətlər aparıldığını və təlimatlandırıcı tövsiyələr verildiyini bildiriblər. Korrupsiya riskləri ilə əlaqədar ümumi təhsil müəssisələrində aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş halların aradan qaldırılması istiqamətində aidiyyəti struktur bölmələr tərəfindən müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Təhsil sahəsində göstərilən elektron xidmətlərin əhatə dairəsinin kifayət qədər genişləndirilməsi və bu prosesin səmərəli şəkildə davam etdirilməsi nəticəsində şəffaflığın təmin olunması barədə məlumatlar konkret faktlar əsasında məktəb rəhbərlərinin diqqətinə çatdırılıb.

Görüşün sonunda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, paytaxtın 12 inzibati rayonu üzrə keçirilən görüşlərin əsas məqsədi Elm və Təhsil Nazirliyinin 2022-ci il üzrə Tədbirlər Planının icrası çərçivəsində müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, korrupsiya risklərinin təhlili, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsindən ibarətdir.

Xəbər lenti