Logo

Mədəniyyət naziri Mingəçevirdə müəssisələrin fəaliyyəti ilə tanış olub - FOTO

28.11.2022 15:29 113 baxış
IMG

Mədəniyyət naziri Anar Kərimov noyabrın 28-də Mingəçevir şəhərinə səfər edib.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, nazirin səfəri Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə hazırlanmış müvafiq plana uyğun olaraq gerçəkləşir.

Nazir Anar Kərimov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əvvəlcə şəhərdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Səfər çərçivəsində mədəniyyət naziri bir sıra mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alıb.

Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 2013-cü ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və müxtəlif eksponatlar nümayiş olunur.

Mingəçevir Dövlət Rəsm Qalereyasına gələn nazirə məlumat verilib ki, 1987-ci ildə yaradılan mədəniyyət ocağında hazırda 231 eksponat mühafizə edilir.

Səfər çərçivəsində Mingəçevir Şəhər Tarix Muzeyinə baxış keçirilib. Qeyd olunub ki, 1968-ci ildə yaradılan muzeyin əsas fondunda 15561 eksponat saxlanılır. Burada e.ə. III-I minilliklərə aid maddi mədəniyyət nümunələri də qorunur. 2009-cu ildə istifadəyə verilən binada 2017-ci ildə cari təmir işləri həyata keçirilib.

Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası ilə tanışlıq zamanı kitabxananın fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib. Qeyd olunub ki, Mərkəzi Kitabxana 1956-cı ildən oxuculara xidmət göstərir.

Anar Kərimov mədəniyyət müəssislərində fəaliyyətin daha da canlandırılması, işin müasir tələblərə uyğun qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti