Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Rüfət Əsgərovun qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmasından iki il ötür.
Tehsil.biz xəbər verir ki, Rüfət Əsgərov 1997-ci il yanvarın 29-da Rusiya Federasiyasının Rostov şəhərində anadan olub.
2004-2015-ci illərdə S.Bəhlulzadə adına Qaraçuxur qəsəbəs Xarici Dillər Təmayüllü Gimnaziyasında, 2015-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Menecment” ixtisası üzrə təhsil alıb.
Rüfət Əsgərov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Rüfət Əsgərov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Bakı şəhərinin Binə qəsəbəsində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!