Logo

Ekspert: "Çox sayda müəllim dərsdən əlavə repetitorluqla məşğuldur"

28.11.2022 18:14 2310 baxış
IMG

"Hazırda çox sayda müəllimlər dərsdən əlavə repetitorluq fəaliyyəti ilə məşğul olurlar".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu sahədə aparılan araşdırmalar göstərir ki, hazırkı vəziyyətdə repetitorluq fəaliyyətinə zərurət yaranıb:

"Əslində təhsilimiz Avropa standartlarına inteqrasiya etdikcə repetitorluq fəaliyyəti geniş yayılmağa başladı. Yeni təhsil standartları, yeni öyrətmə metodunu ortaya gətirdi və repetitorluq fəaliyyəti belə təşəkkül tapmağa başladı. Məsələn, ali məktəbə daxil olmağı qarşısına məqsəd qoymuş şagirdin əlavə dərs çalışmalarına qatılmaması hazırkı şərtlərlə, demək olar ki, qeyri-real görünür. Burada test tapşırıqları, bəzi sinif müəllimlərinin belə həll edə bilmədiyi misallar, məsələlər, açıq suallar, məntiq və s. var”.

Ekspert hazırlıq kurslarının da repetitorluğun bir növü olduğunu bildirib:

“Son illərdə çox sayda hazırlıq kursları fəaliyyətə başlayıb. Onların əksəriyyətində xarici dil kursları, ayrı-ayrı fənlər üzrə hazırlıq, hətta sırf qəbul, magistratura, dövlət qulluğu imtahanlarına hazırlıq aparanlar da var. Belə ki, daha çox qeyri-qənaətbəxş vəziyyət xarici dillərin tədrisi ilə bağlıdır. Etiraf edək ki, bir çox orta məktəblərdə xarici dilin, xüsusilə də ingilis dilinin tədrisi lazımi səviyyədə deyil. Ona görə də, şagirdlər məcbur olub əlavə vəsait hesabına xarici dili öyrənmək üçün hazırlığa - dil kurslarına gedirlər. Bu, bir az da xarici dili tədris edən bəzi müəllimlərin müasir tələblərə cavab verməməsi ilə əlaqədardır”.

Xəbər lenti