Logo

BDU-da akademik İbrahim İbrahimovun 110 illik yubileyi qeyd olunub - FOTO

28.11.2022 20:28 122 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) akademik İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Funksiyalar nəzəriyyəsi, funksional analiz və onların tətbiqləri” mövzusunda Respublika elmi konfransı keçirilir.

Tehsil.biz xəbər verir ki, konfransın açılışında çıxış edən BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev görkəmli akademikin Azərbaycanda funksiyalar nəzəriyyəsi elmi məktəbini yaratdığını qeyd edib. Bildirib ki, onun akademik Mstislav Keldışla birlikdə “Nyutonun interpolyasiya sırasının bütün tam funksiyalar sinfində yığılması üçün dəqiq əlamət”i  tapması, akademik Aleksandr Gelfondla birgə interpolyasiya nəzəriyyəsinin üsulları vasitəsilə “İki nöqtə haqqında problem” adlanan məsələni həll etməsi funksiyalar nəzəriyyəsinin böyük elmi nailiyyəti və bir sıra elmi-tədqiqatların çıxış nöqtəsi olub. İbrahim İbrahimovun Azərbaycanda ali riyaziyyatın tədrisi və təşkili sahəsində böyük xidmətləri var.  O, 200-dən çox elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəllifidir. 60-dan çox fəlsəfə doktoru və 10 elmlər doktoru hazırlayıb. İbrahim İbrahimov “Əməkdar elm xadimi” fəxri adına, Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb, “Xalqlar dostluğu” ordeni ilə təltif edilib.

BDU-nun Ali riyaziyyat kafedrasının müdiri Misir Mərdanov “Riyaziyyata həsr olunmuş alim ömrü” adlı məruzəsində akademik İbrahim İbrahimovun riyaziyyat elminin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, İbrahim İbrahimov riyaziyyat sahəsində elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı alimdir. Alim analitik funksiya vasitəsilə düzələn bəzi sistemlərin tamlığını tədqiq edərək riyazi analiz sahəsində klassik nəticələrə nail olub. O, İbrahim İbrahimovun təvazökar, sadə insan, prinsipial, öz haqlı mövqeyindən dönməyən şəxsiyyət kimi onu tanıyanların qəlbində hər zaman yaşayacağını qeyd edib.

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının professoru Camali Məmmədxanov çıxışlarında alimin Azərbaycanın ali məktəblərində riyaziyyatın tədrisi və təşkili sahəsində böyük xidmətləri  barədə məlumat veriblər. Çıxışlarda İbrahim İbrahimovun yetirmələrinin onun yolunu uğurla davam etdirdiyi, riyaziyyat elminin nəzəri və praktiki məsələlərinin tədqiqi ilə məşğul olduqları vurğulanıb.

Sonda alimin qızı, professor Səidə İbrahimova atasının xatirəsinə göstərilən yüksək ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Bölmə iclasları ilə davam edən konfrans öz işini sabah yekunlaşdıracaq.

Xəbər lenti