Logo

Bir neçə fənlər üzrə hazırlıq kurslarının ilk məşğələləri keçirilib - FOTO

28.11.2022 21:30 82 baxış
IMG

Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili fənni üzrə ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış, Azərbaycan dili və riyaziyyat fənləri üzrə buraxılış və qəbul imtahanlarında, fizika, biologiya və informatika fənləri üzrə isə qəbul imtahanlarında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk məşğələləri keçirilib

Tehsil.biz xəbər verir ki, hazırlıq kursları həm əyani, həm də onlayn ­­formada keçirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

İclasda DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kursunun məqsədi haqqında çıxış edib. O qeyd edib ki, hazırlıq kursları üç mərhələyə bölünür. Birinci mərhələdə iştirakçılara nəzəri material – fənn kurikulumunun mahiyyəti, ölkənin təhsil sistemində tətbiq edilən qiymətləndirmə formaları və imtahanlarda istifadə edilən qapalı və açıq tipli tapşırıqların hazırlanması, cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları haqqında təqdimatlar edilir. İkinci mərhələ praktiki məşğələlərdən ibarətdir. Bu mərhələdə iştirakçılar ev tapşırığı yerinə yetirirlər. İştirakçılar bir ay müddətində ev tapşırıqlarını internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərməlidirlər. Üçüncü mərhələ cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesidir (kalibrləmə). Bakı şəhərindən olan iştirakçılar bu prosesdən DİM‑in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında, regionlardan olanlar isə DİM-in yaşadığı əraziyə yaxın regional bölməsində keçirlər.

Sonra moderatorlar – fizika fənni üzrə Sona Hacıyeva, biologiya fənni üzrə Nailə Əliyeva, riyaziyyat fənni üzrə Aqşin Abdullayev, Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, ingilis dili fənni üzrə Nərminə Əliyeva, informatika fənni üzrə isə Anar Rəşidov və Nigar Əhmədli müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimatlar ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının ikinci məşğələləri növbəti həftə keçiriləcək.

 

1

1

1

1

1

1

1

1

Xəbər lenti