Bakıdakı Rus Evində rus dili müəllimləri üçün “Rus dilinin tədrisində layihə-tədqiqat fəaliyyətinin effektiv formaları: nəzəriyyədən təcrübəyə” adlı öyrədici kurslar keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, kurslarda mühazirələri filologiya elmləri namizədi, Moskva Vilayət Dövlət Universitetinin rus dilinin xarici dil kimi tədrisi metodikası kafedrasının dosenti, rus dilinin xarici dil kimi tədrisinə aid bir sıra kitabların və metodik vəsaitlərin müəllifi Anna Petanova və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Rus dili və Mədəniyyəti institutunun rus dili kafedrasının baş müəllimi, rus dilinin xarici dil kimi tədrisinə aid metodik vəsaitlərin müəllifi Marina Barintseva oxuyub.
İkigünlük kurslar başa çatandan sonra müdavimlərin təntənəli şəkildə təltif edilməsi mərasimi keçirilib. Mərasimdə Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, “Rus humanitar missiyası” qeyri-kommersiya təşkilatının baş direktorunun müavini Tatyana Orlova, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina iştirak ediblər.
İştirakçılara adlı sertifikatlar və “Rus humanitar missiyası” adından hədiyyələr təqdim edilib.