Logo

Vətənə iki qızını əmanət edib vətən üçün qurban olan şəhid - FOTOLAR

29.11.2022 09:43 966 baxış
IMG

Bu gün Lənkəran Dövlət Universitetinin (LDU) şəhid məzunu Vüsal Kamran oğlu Kazımovun anım günüdür. Vüsal Kazımov LDU-nun sosial məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru Kamran Kazımovun yeganə oğlu idi.

Tehsil.biz xəbər verir ki, Vüsal Kazımov 1990-cı il dekabrın 17-də  Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində təhsil alıb. Lənkəran Dövlət Universtitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə  diplumu ilə bitirib. 2017-ci ildən Lənkəran Dövlət Universtitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavriat səviyyədə  ikinci ali təhsil alırdı. Təhsili ilə bərabər Lənkəran şəhər gənclər və idman idarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışırdı.

Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə  könüllü olaraq gedənlərin ilkin cərgəsində idi. Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak etmişdi.

Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayan V.Kazımov Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək həlak olmuşdu. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla dəfn edilmişdi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən baş leytenant Kazımov Vüsal Kamran oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.

Özündən sonra iki qızı: Nuray və Aynur yadigar qaldı.

Allah rəhmət eləsin!

Xəbər lenti