Noyabrın 24-də Nərimanov Rayon Ağsaqqallar Şurasında Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Quliyev, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədr müavini Anar Abbasov, Nərimanov Rayon Ağsaqqallar Şurasının fəal üzvləri və gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə natiqlər çıxışlarında vurğulayıblar ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçib. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni nailiyyətlərə imza atıb, bu uğurların zirvəsində tarixi Zəfərimiz dayanır.
Natiqlər Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP-ın bundan sonra da tarixi müvəffəqiyyətlər və inamlı qələbələr qazanacağını söyləyiblər.