Logo

Ekspert: "Müəllim məmurdan çox əməkhaqqı almalıdır"

29.11.2022 18:07 971 baxış
IMG

"Müəllimlərin əməkhaqlarının çox olması ilə bağlı deyilənlər hər bir müəllimə şamil oluna bilməz".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.

Onun sözlərinə görə, ölkəmizdə təxminən 160 minə yaxın müəllim heyəti var və onların hər biri eyni maaşı almır:

"Müəllimlər fərqli əməkhaqlarına sahibdirlər. Bu, onların dərs saatlarından, vəzifələrindən asılıdır. Əgər müəllimlərin hər biri eyni, məsələn, 1 000-2 000 manat məbləğində maaş alarsa, o zaman onların aldığı məvacibin normal olduğunu demək olar. Lakin bu gün reallıq bundan ibarətdir ki, 160 min müəllimin təxminən 100 mindən çoxu daha aşağı: 300-400, maksimum 600-700 manat əməkhaqqı alırlar ki, bu da dolanışıq üçün ideal qazanc deyil".

Ekspert bildirib ki, müəllimin aldığı əməhaqqı istər hər hansısa məmurdan, istər digər peşə sahiblərindən çox olmalıdır:

"Fikrimcə, çalışmalıyıq ki, müəllimin əməkhaqqısını yüksək tutub orta məktəblərdə təhsilin keyfiyyətini artıraq. Yəni müəllimlərin qazancı nə qədər yüksək olarsa, bir o qədər onların özünün rifahına, həyat tərzinin yaxşılaşdırılmasına və təhsilin keyfiyyətinə təsir etmiş ola bilər. Müəllimlərin əməkhaqları daha artıq olmalıdır, çünki heç bir şəxs müəllim qədər əziyyət çəkmir.  Onlar demək olar, hər gün 35-40 şagirdlə məşğul olurlar. Hər hansı bir məmur və ya vətəndaş evdə 2-3 uşaq səs salanda əsəbi dözmür, təsəvvür edin, bu qədər uşaqla işləyən müəllimin bunun əvəzində az maaş alması nə dərəcədə düzgündür?"

Xəbər lenti