"Qan analizlərinin dürüst nəticələrini əldə etmək üçün bir çox məqamlara diqqət yetirmək lazımdır. Bu həm xəstəliyin diaqnozunun qoyulmasına və həmçinin müalicə tədbirlərinin seçilməsi üçün olduqca vacibdir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Könül Kərimova deyib.
Tehsil.biz K.Kərimovanın müsahibəsini təqdim edir:
- Könül xanım, qan analizi verməzdən əvvəl nələrə diqqət edilməlidir?
- Qan analizinə hazırlıq prosesi aparılacaq tədqiqatın məqsədindən birbaşa asılıdır və bu məqsədi adətən müalicə həkimi müəyyən etməlidir. Yəni, ən doğru yol odur ki, laborator müayinəyə həkim göndərişi ilə müraciət olunsun. Eyni zamanda, həkim analizləri verməzdən əvvəl hazırlıq tövsiyələri haqqında xəstəni məlumatlandırmalıdır. Bu tövsiyələr ümumi və ayrı-ayrı göstəricilər üçün xüsusi xarakter daşıyır.
Adətən ümumi və biokimyəvi analiz üçün qanın səhər saatlarında götürülməsi tövsiyə olunur. Qan almadan öncə ən az 8 saat, optimal olaraq isə 12 saatlıq aclıq müddəti tələb olunur və qanalmadan öncə yalnız su içilməsinə icazə verilir. Qanalmadan əvvəl saqqız çeynəmək və ya siqaret çəkmək arzuolunmazdır. Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir.
- Qan analizindən neçə gün öncə dərman qəbulunu dayandırmaq lazımdır?
- Sağlamlığa zərər verməmək üçün dərman qəbulu yalnız müalicə həkiminin icazəsi ilə tamamilə dayandırıla bilər. Tədqiqat üçün dərman qəbuluna başlamazdan əvvəl və ya onların qəbulunun dayandırılmasından ən az 10-14 gün keçdikdən sonra qan alına bilər. Hər hansı bir dərman müalicəsinin effektivliyinə nəzarət etmək məqsədilə analiz dərmanın qəbulu müddətində və son qəbulundan 7-14 gün sonra təkrar aparılması məqsədyönlü hesab edilir. Əgər hər hansı bir dərman preparatı daimi olaraq qəbul edilirsə və həmin preparatın qan analizində yoxlanılacaq göstəricilərə təsiri yoxdursa, onun qəbulu davam etdirilə bilər.
Ümumi qaydalar bütün qan analizlərinin növlərinə aiddir, lakin bəzi tədqiqatlar xüsusi hazırlıq və əlavə məhdudiyyətlər tələb edir ki, bu məhdudiyyətlər artıq müalicə həkimi tərəfindən qoyulmalıdır.
- Hansı xəstəliklərin təyinatı qan analizi ilə aparılmır?
- Əlbəttə ki, təcrübəli həkim yalnız tək gözləri və əlləri ilə ilkin diaqnoz qoya bilir: xəstənin ümumi görünüşü, dərisinin, selikli qişalarının, dilin rəngi, hətta yerişinin xüsusiyyətinə əsaslanaraq. Lakin lazım olan müayinələrdən imtina edilməməlidir, çünki ilk baxışdan aşkar görünən xəstəlik halı belə mütləq tədqiqatların əsasında təsdiqlənir və həkim bu məlumatları əldə etməlidir.
Ümumiyyətlə, qan sistemi orqanizmin bütün orqan və toxumalarının fəaliyyətini dəstəklədiyi üçün istənilən patoloji vəziyyət və ya xəstələnmə hallarında ümumi qan analizinin aparılması məqsədyönlü hesab edilir. Hətta müəyyən yaş həddindən sonra profilaktik olaraq ildə bir dəfə qanın və sidiyin ümumi analizinin müntəzəm olaraq aparılması tövsiyə olunur. Bu müayinələr əsasında məsələn, daxili orqanların (qara ciyər, mədəaltı vəz, böyrəklər) fəaliyyətində yaranan dəyişiklikləri və yaxud metabolizm pozğunluqlarını vaxtında aşkar edib qarşısını almaq olur.
- Hansı faktorlar analizin nəticəsinə təsir edə bilər?
- Laboratoriya nəticələri bioloji və analitik amillərin təsirinə məruz qalır. Əgər analitik variasiya (dəyişkənlik) testin icra olunma şərtlərindən asılıdırsa, bioloji dəyişkənlik bir çox amillər kompleksindən asılıdır. Bioloji dəyişkənlik faktorları (fizioloji amillər, ətraf mühit amilləri, nümunə götürmə şəraiti, toksik və müalicəvi amillər) laboratoriya nəticələrinə təsir göstərə bilər. Onlardan bəziləri patoloji prosesdən asılı olmayaraq laborator nəticələrin referens dəyərlərindən həqiqi olaraq çıxa bilir. Bu amillərə aşağıdakılar daxildir: fizioloji qanunauyğunluqlar (irqin, cinsin, yaşın, bədən tipinin, fərdi fəaliyyətinin xarakteri və həcminin, qidalanmanın təsiri); ətraf mühit amilləri (iqlim, geomaqnit amilləri, ilin və günün vaxtı, yaşayış mühitində su və torpağın tərkibi, sosial mühit); peşə və məişət zəhərli maddələri (alkoqol, nikotin, narkotik) və yatrogen təsirlər (diaqnostik və müalicəvi prosedurlar, dərmanlar); analiz nümunəsinin götürmə şərtləri (qida qəbulu, fiziki fəaliyyət, bədən mövqeyi, nümunə götürmə zamanı stres) və s.