Məktəbimiz tikiləndə şirkət bizə 3D funksiyası olan iri dioqonallı bir müasir SMART televizor da verdi. Bir müddət bu televizoru nümayiş monitoru kimi istifadə etdik. Lakin sonra məktəbimizə elektron lövhə verildi və televizor istifadəsiz qaldı.
İstifadəsiz qaldığı üçün ekran keyfiyyəti azaldı. Daha sonra isə nəmişlikdən proqram təminatı pozuldu. Ustaya apardım və yeni proqram yazmaq üçün 100 manata yaxın pulum çıxdı. İstədim ki, televizoru direktor və ya müəllimlər otağında qoyum. Sonra fikirləşdim ki, onsuz da müəllimləri və direktoru dəhlizə çıxartmaq olmur, orada televizor olsa, onda otaqdan heç çıxmazlar. Beləliklə, televizor yenə istifadəsiz qaldı.
Bu il onu yoxladım və gördüm ki, yenə proqram təminatı səhv işləyir. Gah işə düşmür, gah özbaşına sönür, gah da pulta tabe olmur. Ekran çözümlülüyü də aşağı düşüb. Nəhayət televizoru gətirdim evə və məcbur oldum onun altına qoymağa bir masa da alıb 10 illik fasilədən sonra nəhayət televizora baxmağa başladım. Televizor bir müddət xəta ilə işləsə də, tədricən internetə qoşulma istisna olmaqla digər problemləri istifadə edildikcə düzəlməyə başladı.
Axı məktəbə televizor vermək nəyə lazımdır? Mən axı niyə onu təmir etmək üçün xərcə düşməliyəm? Mən qanunları pozub niyə dövlətin əmlakını şəxsi istifadədə saxlamalıyam? Fikirləşirəm ki, bu televizoru Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdirlərindən biri öz kabinetində qoysa, daha gözəl olar. Lakin bir az da səbr etmək lazım gələcək, evdə istiliyi yeni qoşmuşam, qoy televizor bir az da qızışsın və bütün problemləri həll olsun.
Rabil Abdinov