"Bu gün Ermənistan Respublikası adlı qurama dövlətin hərbi cinayətləri bütün dünyaya məlumdur. Ən yaxın tarixi cinayətləri desək, 1992-ci ildə törətdikləri Xocalı soyqırımından tutmuş, 2017-ci ildə 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirmələrinədək, hətta bu tarixlərdən sonrakı dövrlərdə də həyata keçirdikləri təxribat və kriminal xarakterli əməllərindən hamı xəbərdardır".
Bunları "Tehsil.biz"ə Yevlax rayon M.Kərimov adına Tanrıqulular kənd tam orta məktəbin riyaziyyat müəllimi Qasımzadə Ayşən deyib.
O bildirib ki, Ermənistan tarixən regionumuzda olan münaqişələrin birmənalı səbəbkarıdır: "Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın mənfur siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kimlərinsə arxasında gizlənən bu xain millət, başqa xalqların qanının axıdılmasından daim həzz almışdır. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Bu gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir".
Ayşən Qasımzadə qeyd edib ki, hazırda Ermənistanın törətdiyi bütün hərbi cinayətlər sənədləşdirilir: "Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Qadağan edilən silahlardan, kasetli bombalardan istifadədə ermənilərin beynəlxalq konvensiyaların tələblərini pozması deməkdir. Düşmən açıq şəkildə bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirərək beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmuşdur. Bu ölkənin Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc əhalinin, tibb işçilərinin məqsədli şəkildə atəşə tutması onların beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi".
Orta məktəb müəllimi vurğulayıb ki, hərbi cinayətlərdən danışarkən mənfur qonşumuz olan ermənilər tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək, özününküləşdirmək istədiklərini bildirməliyik: "Hər kəsə məlumdur ki, Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalıb, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilib.Ərazilərimizdə işğalçılar tərəfindən törədilmiş əməllərin tək bir adı var – vəhşilik. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi məhv ediblər. Mənfur düşmən Azərbaycanın yaşayış məntəqələrini dağıtmışdır. Vandallar işğal dövründə bütün binaları sökmüş və talamışlar. Bütün dünya bu erməni vəhşiliyi haqqında məlumatlandırılmalıdır. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdik. Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Ermənistan unutmamalıdır ki, “Dəmir yumruq” bu gün də əzilən başının üzərində hazır dayanıb".