Bəzən biz qadınlar elə düşünürük ki, bir qadının xoşbəxt olması üçün cah-cəlallı, dəbdəbəli həyat lazımdır. Amma həyat sübut edir ki, bu cah-cəlalın içində minlərlə bədbəxt qadınlar var ki, bir xoş sözün, sığalın həsrətindədirlər.
1912-ci ildə, dünya Azərbaycan adlı bir məmləkətin varlığını tanımaq istəmədiyi bir zamanda Azərbaycan xanımı Parisdə “Dünya gözəli” titulunu qazandı və bununla bütün dünyaya sübut etdi ki, Azərbaycan xanımının “bu gözəlliyi onun yalnız simasında deyil, həm də daxilindən gələn nəcibliyində, kübarlığında, məğrurluğundadır”.
Tədqiqatçıların fikrincə, məşhur Qarabağ xanı İbrahimxəlil xan hakimiyyəti dövründə sarayında çox hörmət etdiyi Mirzə Əli bəy adlı bir şəxs var imiş. Mirzə Əli bəyin saraydakı vəzifəsinin adı mehmandar olub. Mehmandarın üzərinə düşən vəzifə ondan ibarət olub ki, saraya gələn-gedən qonaqları ədəb-ərkanla qarşılayıb yola salmaq, saray daxilində onlara nəzarət etmək. İşinin öhdəsindən çox yüksək səviyyədə gələn Mirzə Əli bəy də təkcə saray adamlarının deyil, bütün Qarabağ əhlinin sevimlisi imiş. El-oba arasında da Mirzə Əli bəyin özü, övladları, nəvə-nəticələri Mehmandar (sonralar Mehmandarov) soyadı ilə tanınmışlar.
Mehmandarovların Lənkaranda da məskunlaşmasının çox maraqlı bir tarixi var. Yenə də tədqiqatçıların yazdıqlarına diqqət yetirək. Onların yazdığına görə əslən Şuşadan olan Mirzə Sadıq bəy Mehmandarov Şuşada rus-tatar məktəbini qurtardıqdan sonra Peterburq Universitetinin hüquq fakültəsinə daxil olur. Burada Hacı Mirzə Abbas bəy Talışinski ilə tanış olur. Tələbəlikdən başlanan bu tanışlıq möhkəm dostluğa, mehriban qohumluğa çevrilir.
Belə ki, Mirzə Sadıq bəy Peterburqda təhsilini başa vurduqdan sonra dostu Mir Abbas bəy onu Lənkərana öz mülkünə baş hüquqçu vəzifəsinə dəvət edir. Bu dəvəti məmuniyyətlə qəbul edən Mirzə Sadıq bəy Mir Abbas bəyin malikanəsində işə başlayır. Savadlı, mədəni, işgüzar, istiqanlı, həddən ziya böyük-kiçik yeri bilən bu gənc tez bir zamanda nəinki Mir Abbas bəyin ailəsinin, hətta bütün qohum-əqrabasının, dost-tanışının sevimlisinə çevrilir.
Tale elə gətirir ki, Sadıq bəy xoşbəxtliyini də bu nəsildə tapır. Mir Abbas bəyin yaxın qohumu, general-mayor Mir Mustafa bəy Talışinskinin nəvəsi Bikə xanımla ailə qurur. Bikə xanım da evdə xüsusi təhsili almış, mədəni, ağıllı bir xanım idi. Bu izdivacdan onların on övladı olur. Övladlarının əksəriyyətinin Tiflisdə, Peterburqda təhsil almasına şərait yaradan Mirzə Sadıq bəy illər sonra Səməd bəy Mehmandarov və Nağı bəy Mehmandarov kimi oğulları ilə fəxr edir. O Səməd bəy Mehmandarov ki, hərb tariximizdə adı qızıl hərflərlə yazılmağa layiq generallarımızdandır.
Elə qardaşı Nağı bəy də Avropa təhsili görmüş, çox gənc yaşında Lənkaran şəhərinin qradenaçalniki (şəhər rəisi) vəzifəsinə təyin edilmiş ziyalılardan idi. Yazılanlardan və deyilənlərdən belə məlum olur ki, Nağı bəy hökumət adamı olmasına baxmayaraq öz xalqına qarşı həmişə mərhəmətli olmuş, onların hüquqlarını qorumuşdur.
Xoş xasiyyətli, müasir düşüncəli olan Nağı bəy qızı Sona dünyaya gələndə (tədqiqatlarda 1894 və yaxud 1896-ci il göstərilir) “Mənim qızım savadlı və ağıllı qız olacaq” deyə onu bağrına basaraq, dodaq büzənləri (qız olduğu üçün) heyrətləndirib. Sona dərddən, qəmdən uzaq belə bir bəyzadə ailəsində böyüyüb. Amma harın yox, savadlı, sadə, elmə, musiqiyə meyili. Atası evdə ona xüsusi müəllimlərdən dərs almaq üçün yüksək şərait yaradıb. Sona onlardan ədəb-ərkan qaydaları ilə yanaşı, fransız, rus dillərini öyrənib. Bundan sonra atası onu gimnaziyada oxudub. Gimnaziyada təhsilini başa vurduqdan sonra Avropada təhsili almaq arzusunda olduğunu atasına bildirdikdə Nağı bəy sevinir və razılıq verir.
Lakin Sonanın gözəlliyi hələ kiçik yaşlarından ailəyə saysız-hesabsız elçilərin gəlməsinə səbəb olur. Amma ata və qızın qərarı qəti idi: yüksək təhsilə yiyələnmək, xalqına fayda vermək.
Bir gün yenə də Nağı bəyin qapısını elçilər döyür. Bu dəfə Lənkəranın varlı ailələrindən biri olan Zeynalovların oğlu Əhməd bəy Sonaya elçi düşür. “Yox” cavabı alan Əhməd bəy bunu “qüruruna” sığışdırmır. Bir neçə dostu ilə gecə xəlvət Nağı bəyin evinə soxulur və bəyi oğurlayırlar. Yenə də Nağı bəydən “hə” cavabı ala bilməyən qatillər bəyi vəhşicəsinə öldürüb dənizə atırlar. Nağı bəyin qulluqçusu bunları gördüyü üçün hadisənin üstü açılır. Hökumət qatilləri Sibirə sürgün edir.
Beləliklə, Lənkəranda iki nəsil arasında düşmənçilik yaranır. Atasının belə faciəli şəkildə öldürülməsi Sona xanıma çox pis təsir edir. Günlərlə, aylarla evdən çıxmır, özünə qapanır. Buna görən anası Bikə xanım onu Lənkarandan uzaqlaşdırmaq üçün Bakıya qohumlarının yanına göndərir. Yaşadığı faciə üzündən müvəqqəti sığındığı bu şəhər “ondan ötrü dünyaya açılan qapı” olur.
Taleyin işi çox qəribədir. Anası Sonanı Bakıya müvəqqəti göndərsə də, tale Sonanı birdəfəlik doğma Lənkaranından ayırır. Yolunu çox uzaqlara, nağıllar aləminə bənzər Parisə salır.
Sona xanım Bakıya gələndə Bakıda həyat Lənkəranda gördüyü kimi deyildi. Şəhər həyatı, kübar məclisləri yavaş-yavaş Sonanı yenidən həyata qaytarır. Şəhərdə baş verən mədəni hadisələr onun diqqətini cəlb edir. Bu zaman “1912-ci ilin əvvəllərində Bakıda “Obşestvennoye sobraniye” adlanan ictimai tədbirlərin keçirildiyi binada gözəllik müsabiqəsi təşkil edilmişdi (hazırda bu binada Azərbaycan Dövlət Filarmoniyası yerləşir).
Sona xanım yaxın qohumlarının təklifi və təkidi ilə bu müsabiqəyə qoşulur. Böyük uğura aparan yolun başlanğıcı onun üçün düşərli olur. Münsiflər heyəti “təbii gözəlliyini qoruyub saxlamış, zərif və nəcib görkəmli əyalət qızını qalib elan edirlər” və Tiflisdə keçirilən gözəllik müsabiqəsində iştirak etmək üçün dəvət alır.
Tiflisdə Sona xanım “Qafqaz incisi” adını qazanaraq Sankt-Petrburqda keçiriləcək “Miss Rusiya” müsabiqəsinə vəsiqə qazanır və elə Tiflisdən qohumlarının xeyir-duası ilə Sankt-Petrburqa yola düşür.
Gözəlliyi və kübarlığı ilə Peterburqda münsifləri heyran qoyan Azərbaycan gözəli “birincilik və qiymətli tac” əldə edir. Bu dəfə “Qafqaz incisi” daha möhtəşəm bir yarışa -1912-ci ilin sonlarında Parisdə keçiriləcək “Dünya gözəli” final müsabiqəsinə yollanır.
...Nağıllar dünyası Paris. Gördüklərini və yaşadıqlarını bir nağıla bənzədən Sonanın buradakı uğuru həqiqət idi. Dünya gözəllərini təkcə ağ buxağı, mavi, canlar alan gözləri, şux boy-buxunu, qəddi-qaməti ilə deyil, həm də kübarlığı, nəcibliyi, məğrurluğu və mehribanlığı ilə geridə qoyan Azərbaycan gözəli Mehmandarova Sona Nağı qızı “Dünya gözəli” titulunu “Qran-Prisi”ni qazanır. Münsiflərin “Qafqaz incisi” adlandırdıqları Sonanın şəkilləri təkcə Paris qəzet və jurnallarını deyil, dünya mətbuatını bəzəyir.
Bu uğur “Dünya gözəli”nin həyatını büsbütün dəyişir. Sona xanım müsabiqədən aldığı yüksək pul mükafatı ilə Sankt-Peterburqda əzəmətli bir mülk alır. “Artıq böyük bir imperiyanın fəxri” olan gözəlin çar ailəsində də xüsusi yeri var idi. Sona xanım hər gün keçirilən bal şənliklərində, kübar məclislərində hər kəsi təkcə zahiri gözəlliyi ilə deyil, həm də daxili gözəlliyi ilə ram edir.
Amma Sona meşşan həyatdan uzaq olduğu üçün bu dəbdəbə, bu cah-cəlalda sıxılırdı. O, “qadın üçün zəruri olan ailə rahatlığını” axtarırdı. Onu sevən (uğurlarını, var-dövlətini yox), ona sadiq olan könül yoldaşı arzulayırdı. Ailə qurmaq, anası Bikə xanım kimi mehriban, qayğıkeş ana olmaq arzusunda idi Sona xanım. Müsabiqədən bir il sonra Sona xanım (o zaman mövcud qaydalara əsasən müsabiqənin qalibi bir il ərzində ailə qura bilməzdi) əslən dağıstanlı bir gənclə ailə qurur. Lakin Sonanın doğmaları qəti şəkildə bu nikahın əleyhinə olurlar.
Bəlkə də elə ona görə “Dünya gözəli” ömrü boyu gözəl ailə xoşbəxtliyinin həsrətində qalır. Tezliklə ana olmaq arzusu ilə yaşayan Sona xanımın övladı olmur. 1917-ci ildə Rusiyada baş verən hadisələr nəticəsində ailə müflisləşir. Sona xanım yenidən özünə qapanır... Bu dəfə isə onu bu çətinlikdən çıxaracaq əzizləri yox idi yanında. Ona görə də ömrü boyu bu sıxıntılar içində “yaşayır”.
Sona xanım Mehmandarovanın sonrakı taleyi haqqında N.Əbdülrəhmanlı “Qəbri bilinməyən dünya gözəli” adlı məqaləsində yazır: “Araşdırmalardan məlum olur ki, Sona xanım Mehmandarova ötən əsrin 20-ci illərində Moskvada yaşayıb. Güman ki, yaşayış yerini dəyişməsində yaxın münasibətdə olduğu RSFSR-in Maarif Naziri (1929-cı ilədək) Anatoli Lunaçarskinin himayəsi başlıca rol oynayıb. Çünki “qara siyahı”ya düşmüş Mehmandarovların soyuna mənsub olmaq həmin dövrdə ciddi təhlükə idi”.
Qeyd edim ki, 1930-cu illərdə Mehmandarovlarla yanaşı, Talışinskilər də taleyin amansız acılarını yaşayırdılar. Sürgünlər, həbslər... Deyilənlərə görə Sona xanım o illər izini itirmək üçün bütün sənədlərini və şəkillərini yandırıb, məhv edib.
Sovet hakimiyyəti illərində daima qorxu içində yaşayan Sona xanım Bakıya bir də 1966-cı ildə qohum-əqrabasının təkidilə gəlir və bir neçə ildən sonra dünyasını dəyişir.
Bəzən qadınların ömrü böyü can atdıqları gözəllikləri onlara xoşbəxtlik yox, bədbəxtlik gətirir. Doğrudan da bir qadın üçün xoşbəxtlik zəngin, dəbdəbəli həyat deyil, sevimli, vəfalı ömür-gün yoldaşına və ağıllı övlada sahib olmaqdır.
Qərənfil Dünyaminqızı
Filologiya üzrə fəlsəfə doktoru