Logo

NDU tələbələrinin tikmə sənətinə dair əl işləri nümayiş olunub

30.11.2022 09:52 342 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin (NDU) incəsənət fakültəsində “Xalça naxışları tikmələrdə” adlı sərgi keçirilib.

Tehsil.biz xəbər verir ki, sərgidə “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alan III və IV kurs tələbələrinin müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edərək tikiş tikmək üsulu ilə hazırladığı əlliyə yaxın sənət əsəri nümayış olunub. Milli xalça elementlərinin üstünlük təşkil etdiyi sərgidə təkəlduz, güləbətin və muncuqlu tikmə üsulundan geniş istifadə edilib.  Keçə və parça üzərinə salınan zərif və rəngarəng tikmələr tarixi ənənələrə malik Azərbaycan tikmə sənətinin estetik mahiyyətini və bu qədim məşğuliyyətin incəliklərini göstərməyə xidmət edib.

İki ay ərzində ərsəyə gələn sənət əsərləri içərisində xalq inancları əsas götürülərək, məxmər üzərinə muncuqla işlənmiş qoç fiquru, məhəbbət mövzusunda kətan üzərinə tikilən tovuz quşları, piləklərdən istifadə edilərək yaradılmış balıq əsəri, Sultan Məhəmmədin kətan parça üzərində tikmə portreti və digər əsərlər böyük marağa səbəb olub. Müxtəlif parçalar və keçə üzərində iynələmə üsulundan istifadə edilərək yaradılan əsərlər içərisində milli ornamentlərimizdən hesab olunan dəvə rəsmləri, o cümlədən nar, müxtəlif quş növləri və digər motivlərə yer verilib. Qədim zamanlarda belə əsərlər döymələmə üsulu ilə ərsəyə gətirilirdi, bu üsula batika və ya tətbiqat üsulu deyilirdi.

Sərgidə tikmələrlə yanaşı, gipsdən hazırlanaraq boyanmış dəvə fiqurları, xalça rəsmləri ilə bəzədilmiş Qarabağlar türbəsi maketi də olduqca diqqət çəkib. Tələbələr həmçinin, fakültə dekanı, muxtar respublikanın Əməkdar rəssamı Cavid İsmayılovun yağlı boya ilə hazırladığı rəsm əsərini tikmə üsulunda işləyərək “Meyvələr” adlı natürmort yaradıblar.

Sərgidə iştirak edən universitetin rektoru Elbrus İsayev bildirib ki, tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olub. “Xalqımız ta qədimdən öz geyiminə, eləcə də həyat və məişətdə istifadə etdiyi bir çox əşyaya gözəllik verməyə çalışıb. Azərbaycanda, eləcə də Naxçıvanda tarixi qədimlərə gedib çıxan belə bir sənət növünün yaşadılmasında tələbələrimizin rolunun olması sevindirici haldır. Son illər incəsənət fakültəsi tələbələri yaradıcı işlərdə fəallıq göstərirlər. Buna qədər doğma təhsil ocağında zərgərlik, keramika, rəsm əsərlərinin sərgiləri keçirilib və böyük maraqla qarşılanıb. Bu gün müxtəlif parçalar üzərindəki tikmə əl işlərinin sərgilənməsi tələbələrin öz ixtisaslarına və bu peşəyə olan marağının göstəricisidir”- deyə rektor vurğulayıb.

Təsviri incəsənət kafedrasının baş müəllimi Mahir Xəlilov dekorativ-tətbiqi sənətin yaranma tarixindən danışıb. Bildirib ki, onun əsas növlərindən biri hesab olunan bədii tikmə sənətinin Azərbaycanda şöhrət qazanması, hər şeydən əvvəl, bu sənətin orijinal texniki icrası və bədii xüsusiyyətləri ilə əlaqədar idi. Ölkəmizin müxtəlif bölgələrinə məxsus qədim xalçalardakı naxışların tikmə sənəti ilə gələcək nəsillərə ötürülməsi təqdirəlayiqdir. Sərgidə keçəçiliklə bağlı əl işlərinə işarə edən baş müəllim bu sənətin incəliklərinin tətbiqinə dair elmi seminarların nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sərginin təşkilatçısı olan təsviri incəsənət kafedrasının müdiri, baş müəllim Siddiqə Hacıyeva tələbələrin iki aylıq yaradıcılıq prosesindən danışıb. Qeyd edib ki, milli tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir:”Bu gün sərgilənən əl işlərində daha çox rəngli ipək saplar işlədilib. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən, hətta qiymətli daş-qaşdan geniş istifadə olunurdu”.

Çıxışlardan sonra sərgiyə baxış keçirilib.

Xəbər lenti