Logo

“Şəhərdən kəndə, kənddən şəhərə” layihəsi çərçivəsində ilk səfər həyata keçirilib

30.11.2022 13:59 373 baxış
IMG

“Şəhərdən kəndə, kənddən şəhərə” layihəsi çərçivəsində ilk səfər Şəhid müəllimlərin çalışmış olduğu məktəblər arasında baş tutub.

Tehsil.biz xəbər verir ki, Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli və Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin direktor, müəllim və şagirdləri tərəfindən Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbə səfər ediblər.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, adı çəkilən məktəblərin direktor, müəllim, şagirdləri və ictimaiyyət nümayəndləri iştirak ediblər.

Qeyd edək ki, hər üç məktəbi birləşdirən ümumi cəhət məktəblərin Vətən müharibəsi şəhidi olmuş qəhrəman müəllimləridir. Belə ki, İsrafilov Vidadi Vaqif oğlu Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbin riyaziyyat, İsmayılov Rabil Elbrus oğlu Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin riyaziyyat, Məmmədov Rəşad Fərəməz oğlu isə Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi olublar.

Tədbirdə əvvəlcə  ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi anılıb.

Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev giriş nitqi ilə çıxış edərək qonaqları və şagirdləri salamlayıb, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində canını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi işində, təhsildə daha böyük uğurlar qazanmalarında mühüm rol oynayır.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxışında həyata keçirilən layihənin əhəmiyyətindən söz açaraq, eyni zamanda layihə çərçivəsində şəhər və kənd məktəblərinin, o cümlədən şagirdlərin inteqarasiyasının təcrübə mübadiləsində və ortaq qərarların qəbulunda mühüm amillərdən biri olduğunu deyib. Diqqətə çatdırıb ki, növbəti mərhələdə Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinin şagirdləri Gəncə şəhər məktəblərinə səfər edəcəklər.

Xəbər lenti