Logo

“Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunan elmi-praktik konfrans keçirilir - FOTOLAR

30.11.2022 19:44 381 baxış
IMG

Noyabrın 30-da Türkiyənin Qazi Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfransın işinə başlanılıb.

Tehsil.biz xəbər verir ki, dekabrın 2-dək davam edəcək konfrans “30 noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunan “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində keçirilir. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda hər üç universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

Konfransın açılışında çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, MDU-nun rektoru Şahin Bayramov və Qazi Universitetinin prorektoru Ramazan Bayındır universitetlər arasında əməkdaşlığın uğurla davam etdirilməsindən məmnun olduqlarını bildiriblər. Qeyd ediblər ki, tərəfdaş universitetlərin kibertəhlükəsizliklə bağlı elmi tədbirdə ikinci dəfə bir araya gəlməsi və səylərini birləşdirməsi bu sahənin inkişafında əhəmiyyətli irəliləyişlərin əldə olunacağına əminlik yaradır. Bununla yanaşı, açılış nitqlərində konfransın mövzusunun aktuallığından və gələcək tədqiqat istiqamətlərindən bəhs edilib, təşkilatçılara, məruzəçilərə və iştirakçılara minnətdarlıq ifadə olunub.

Sonra, MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi dosent Almaz Əliyevanın moderatorluğu ilə konfransın məruzələri dinlənilib. İlk konfrans günündə Qazi Universitetindən professor Ayhan Erdem “Kibertəhlükəsizliyin əhəmiyyəti”, professor Ercan Yılmaz “Nüfuzetmə testləri”, Azərbaycan Texniki Universitetindən dosent Yadigar İmamverdiyev “Sənaye idarəetmə sistemlərinin informasiya təhlükəsizliyi”, İstanbul Gelişim Universitetinin əməkdaşı, GPEN serifikatlı mütəxəssis Serkan Gönen “Kibertəhlükəsizlik üzrə maarifləndirmə”, Receb Tayyip Erdoğan Universitetinin əməkdaşı Mehmet Sevri “Tətbiq olunan Web təhlükəsizliyi”, MDU əməkdaşı Elçin Tağıyev “Beşinci sənaye inqilabı: rəqəmsal texnologiyalar və süni intellekt”, “TIM Group” şirkətlər qrupunun təsisçisi, ORACLE sertifikatlı mütəxəssis Teymur Hacıyev “DATA sızması: təhdidlər və təhlükələr” mövzusunda məruzlərlə çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Qazi Universiteti, AzTU və MDU arasında üçtərəfli formatda əməkdaşlığın davamlılığına xüsusi önəm verilir. Bu çərçivədə hər üç ali təhsil müəssisəsinin rektorları, akademik və inzibati heyət üzvlərinin müntəzəm görüşləri keçirilib, müxtəlif formatda birgə tədbirlər təşkil olunub və beynəlxalq konfranslarda tərəfdaşlıq həyata keçirilib.

Xəbər lenti