Məktəbimizin siniflərində layihəyə əsasən 12 elektrik lampası mövcuddur. Bu cür 10 sinif otağımız və 10 yardımçı otaqlarımız mövcuddur.
Əlavə olaraq dəhliz, sanitariya qovşaqları və həyətin işqılanmasında cürbəcür elektrik lampalarından istifadə edilir. Məktəbin xüsusi transformatorunun yükü az olduğundan bu lampalar tez-tez sıradan çıxır. Bəzi yerlərdə plastik materiallar olduğundan hökmən bahalı LED lampalardan almaq lazım gəlir.
Arada hökumət məktəbə adi elektrik lampaları verir. Lakin məktəbdə o qədər lampa lazım olur ki, bunlar kifayət etmir. Xüsusən qış aylarında və buludlu havalarda siniflər nisbətən qaranlıq olur və işıqlanma zərurəti yaranır.
Məktəbin əsas xərcləri isə su və istilik sisteminin aksesuarlarıdır ki, bunlar tez paslandığı üçün tez sıradan çıxır. Bütün bu xərcləri direktor və mən övladları məktəbimizdə oxumayan insanların maddi vəsaitlərini məktəbə cəlb etməklə həll etməyə çalışırıq.
Bir qayda olaraq övladları məktəbdə oxuyan şəxslər, müəllimlər və onlarıın qohumları məktəbin hər hansı probleminə görə pul vermək istəmirlər.
Bu azmış kimi müəllimlər minnət götürüb məktəbə cəlb edilmiş maliyyə ilə alıdığımız və dövlətin verdiyi vəsaitlərin qorunmasına da biganə münasibət bəsləyirlər. Sinif rəhbərləri belə ən yaxşı halda öz sinfi üçün nəsə edirlər. Məktəbin ümumi problemləri heç kimin vecinə deyil. Lövhə üçün silgi və saat üçün batareya, sinifdəki elektrik açarı və razeti belə heç kim almaq istəmir. Min əziyyətlə aldığımız əlavə vəsaitlər, saatlar və sairlərin əksəriyyəti sıradan çıxıb və ya məktəbdən itib. Printer və sair kimi avadanlıqları da təmir etməyə heç kim dəstək olmur.
Son günlər sinifdəki elektrik lampalarını yenisi ilə əvəzləmək üçün şagirdlər vasitəsi ilə valideynlərə mesaj verirəm. O cümlədən direktor müəllimlərə bu barədə söyləyir. Hələ ki hərəkət edən yoxdur. Mən isə sadəcə test keçirdirəm. Xüsusən şagirdlərin münasibəti mənə maraqlıdır. Təbii ki, məqsəd biri 40 qəpikdən olan lampa aldırmaq deyil. Heç müəllimlərdən də məqsəd üçrəqəmli xərclərin müqabilində birrəqəmli məbləğ almaq deyil.
Rabil Abdinov