Pyotr Kuvşinov rus əsilli azərbaycanlıdır.
Tehsil.biz xəbər verir ki, o, Qarabağ müharibəsi veteranı, peşəkar üzgüçü, su polosu oyunçusudur.
P.Kuvşinov SOCAR-ın Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimidir. Birinci Qarabağ müharibəsi iştirakçısı Vətən sevdalı Pyotr Kuvşinov Azərbaycan torpaqlarının azadlığı uğrunda vuruşub. Könüllü olaraq cəbhəyə yollanıb və 1992-1994-cü illərdə gərgin döyüşlərdə iştirak edib.
Müharibə illərində ən qaynar hərbi nöqtələrdə - Ağdərə, Laçın, Kəlbəcər, Murovdağ, Fizuli, Ağdam, Tərtərdə olub. Murovdağ istiqamətində alay komandiri təyin edilib və ağır mövqeli döyüşlərdə iştirak edib. O, müharibə vaxtı bir neçə dəfə yaralanıb. Pyotr Kuvşinov göstərdiyi qəhrəmanlığa görə orden və medallarla təltif olunub.
Pyotr Kuvşinovun adı çoxlarına həm də “xilaskar” kimi tanışdır. O, iki il əvvəl iki nəfəri Xəzərdə boğulmaqdan xilas edib.
Pyotr Kuvşinov SSRİ Silahlı Qüvvələrinin çempionu, Azərbaycanın çempionu və medalçısı, eyni zamanda su polosu üzrə Rusiya çempionu, 2017-ci il İslam Oyunlarında su polosu üzrə Azərbaycan milli komandasına rəhbərlik edib.
BANM ailəsinin hər biri üzvü tərəfindən böyük hörmət bəslənən Pyotr Kuvşinov peşəkar müəllim olmaqla yanaşı, kollektivin sevimlisidir. O, diqqət və qayğı ilə tələbələrə üzgüçülüyün sirrlərini öyrədir. “Sağlam bədəndə sağlam ruh olar” prinsipi ilə yaşayan Pyotr müəllim üzgüçülüyə sevgi yaratmağı bacarıb.