Logo

Repetitor yanına niyə gedirik? - ŞƏRH+FOTO

01.12.2022 10:16 619 baxış
IMG

"Hazırda şagirdlər məktəb dərsliyi əsasında yox, Dövlət İmtahan Mərkəzinin (DİM) hazırladığı test vəsaitləri əsasında hazırlıq keçirlər".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov deyib.

O, qəbul qaydalarının strukturu dəyişdirilməli olduğunu bildirib:

“Heç bir valideyn artıq pulu olduğu üçün övladını repetitor hazırlığına göndərmir. Bunu reallıq tələb edir. Bizim leksikonumuza “bunker repetitor” sözü daxil olub. Valideynlər övladlarının ali məktəbə qəbulda yaxşı nəticə göstərməsi üçün “bunker müəllimlərə” müraciət edirlər. Bu müəllimlər test suallarını hazırlayan müəllimlərdir. Onların vasitəsilə abituriyentlər ən yüksək bal toplayırlar”.

Nadir İsrafilov

N.İsrafilov bildirib ki, dərsliklərin yazılmasında ciddi problemlər var:

"Bu səbəbdən uşaqlar aşağı siniflərdən hazırlıq kurslarına müraciət edirlər: Dərslikləri professorlar yazırlar. Onlar dərsliyi yazanda şagirdlərin yaş xüsusiyyətini, qavrama imkanlarını nəzərə almırlar. Sanki ali məktəb tələbəsinə dərslik yazırlar. Uşaqlar onların yazdıqları dərsliklərdəki mövzuları qavramağa çətinlik çəkirlər. Çünki dərsliklər akademik dildə yazılır. Dərslik anlaşılan şəkildə yazılmalı, şagirdlərin psixologiyası, yaş həddi, fiziki və zehni inkişafı nəzərə alınmalıdır. Bu gün elə dərsliyimiz var ki, onu mühəndis yazıb. Riyaziyyat dərsliyi ilə bağlı belə hallar var".

Mütəxəssis qeyd edib ki, dərsliklər mütləq tətbiq olunmazdan öncə sınaqdan keçirilməlidir:

"Ehtiyat dərsliklər olmalıdır. Hansı müəllifin dərsliyinin tətbiqində problemlər yaranırsa, ehtiyat dərsliklərdən istifadə olunmaldır. Əks halda hazırlıq kurslarının sayı məktəblərin sayını üstələyəcək. Məktəblər isə yalnız attestat verən müəssisəyə çevriləcək”.

Xəbər lenti