Bu gün Dövlət İmtahan Mərkəzi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəhbər şəxsləri arasında görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, eləcə də DİM-in və nazirliyin müvafiq struktur bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.
Görüş iştirakçıları əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi ilə tanış olublar.
Görüşdə tərəflər arasında qarşılıqlı iş birliyinin qurulması ilə gənclərin peşə seçimi imkanlarının genişləndirilməsinə və əmək bazarında öz peşə profillərinə uyğun yer tutmalarına dəstək olmaq məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Bu yöndə uğurlu nəticələrin alınması üçün gənclərin bilik, bacarıq, motivasiya və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi məqsədilə sosial xidmət müəssisələrində gənclər arasında peşə seçiminə yönəlik diaqnostikaların keçirilməsinə dair razılığa gəlinib.