Laçın zəngin faydalı qazıntılara malikdir. Bu rayonda 3 filiz, 37 qeyri-filiz, civə, əlvan və üzlük daşlar, sement və tikinti daş yataqları mövcuddur.
Bu yataqlar iqtisadi baxımdan Azərbaycan üçün mühüm rol oynayır. Belə ki, bu yataqlar bölgə üçün iqtisadi baxımdan çox səmərəli və vacibdir. Bu yataqların istismarı bölgənin hərəkətli inkişafına geniş imkanlar açır.
1992-ci il 18 may tarixdə Laçının erməni təcavüzkarları tərəfindən işğalı tarixi kimi yaddaşlarda qaldı. Laçın rayonu Şuşadan sonra işğal olunan 2-ci rayondur. Laçın eyni zamanda hərbi nöqteyi-nəzərdən strateji rayondur. Belə ki, bu rayonun işğalı birinci növbədə Dağlıq Qarabağı Ermənistanla birləşdirdi, ikinci növbədə digər rayonların işğalına zəmin yaratdı. Laçın dəhlizinin işğalı Dağlıq Qarabağa aid olmayan rayonlarımızın işğalını sürətləndirdi. Təsadüfü deyil ki, bu dəhliz Qarabağın azadlıq “açarı“ adlandırılır.
İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat, çoxlu sayda istehsal müəssisələri talan və məhv edildi. 77 min insan öz doğma torpaqlarından qovuldu. 300-dən artıq insan həlak oldu və itkin düşdü. 200-dən artıq tarixi abidə dağıdıldı və tanınmaz hala salındı. Bunlardan Ağoğlan məbədi, Məlik Əjdər türbəsi, onlarla məscid, yüzlərlə qəbirstanlıq işğala məruz qalaraq talan edildi. Laçın Tarix Muzeyinə mənsub olan zəngin eksponatlar o cümlədən qızıl, gümüş və digər qiymətli eksponatlar vəhşicəsinə talan edildi və oğurlandı. Bunların bir çoxunu erməni vandalları xarici auksionlarda satdılar. Məsələn, gümüş çanta Londonda 80 min ABŞ dollarına satılıb.
Ermənilər Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq Laçın rayonun coğrafi adlarının da dəyişdirilməsinə cəhd ediblər. Xarici ölkələrdən qanunsuz məskunlaşma siyasəti həyata keçiriblər.
30 illik işğaldan sonra Ermənistanın təcavüzünə son qoymaq məqsədi ilə 2020-ci il sentyabr ayının 27-də Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusuna hücum əmrini verdi. 44 gün davam edən Vətən müharibəsi ordumuzun şanlı qələbəsi ilə bitdi. Müharibə ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər düşməndən azad edildi. Noyabr ayının 8-də Qarabağın incisi olan Şuşa azad edildi. Şuşanın azad olunması düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Noyabr ayının 10-da üç ölkənin liderləri: İ.Əliyev, V.Putin və N.Paşinyan bəyanat imzaladılar.
Üçtərəfli razılaşmaya görə noyabr ayının 20-də Ağdam, 25-də Kəlbəcər, dekabr ayının 1-də Laçın rayonu azad olundu. Bu Azərbaycan xalqının, Azərbaycan ordusunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi qələbəsi idi. Bu zəfər Azərbaycan üçün yeni tarix yazdı və bölgə üçün yeni reallıqlar yaratdı.
2020-ci il noyabr ayının 26-da “Laçının azad olunmasına görə” medalı təsis edildi. Bu medalla Laçının azad olunmasında xüsusi xidmətləri olmuş Azərbaycan ordusunun hərbi qulluqçuları təltif olunur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu günə qədər 8395 hərbi qulluqçunu bu medalla təltif edib.
2021-ci il 14 fevral və 16 avqust tarixlərində İlham Əliyev və Mehriban Əliyeva Laçın rayonuna səfər ediblər. Həmin gün İlham Əliyev Laçında Azərbaycan bayrağını qaldırdı. Bu hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi yaratmaqla gələcəyə inamı gücləndirdi. Bu gün Laçında genişmiqyaslı quruculuq işləri gedir.
Laçında Güləbird su elektrik stansiyasının açılmış, Prezidentin sərəncamı ilə Kəlbəcər-Laçın yolu tikilir. Bu yolun uzunluğu 72, 8 kilometrdir. Yol üzərində körpü və uzunluğu 9450 metr olan 3 tunel tikiləcək, dağıdılan 5 su elektrik stansiyaları bərpa olunmaqdadır. Eyni zamanda Prezidentin sərəncamı ilə Laçın rayonunun Qorçu kəndində hava limanı tikiləcək. İlham Əliyev vurğulayıb:
“Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna qadirdir”.
Olduqca mühüm strateji əhəmiyyətə malik Laçın aeroportu logistik mərkəzlərin yaraddılmasına, turizmin inkişafınatəkan verəcəkdir. Uçuş -enmə zolağının uzunluğu 3 kilometr olan aeroportda 6 təyyarə dayanacağı inşası nəzərdə tutulmuşdur ki, bu hava limanı həm də Kəlbəcər rayonu ərazisinə gediş –gəlişi asanlaşdıracaq və nəhayət, insanlar öz dədə-baba yurdlarına qayıda biləcəklər. Bütün bunlar hər bir azərbaycanlının qəlbində sevinc hissi ilə yanaşı qürur hissi də yaradır. Bu gün gözlərimiz önündə Laçın yenidən qurulur, abadlaşır.
Laçın bizimdir, Qarabağ Azərbaycandır!
Fuad Zamanov
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı fəalı