Dekabrın 1-də Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Tehsil.biz xəbər verir ki, iclasda “Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlər haqqında” təkliflər müzakirəyə çıxarılıb. Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə ölkə başçımızın müvafiq Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Əsas missiyalarından biri Vətənə, dövlətə və xalqa layiqli mütəxəssislər yetişdirmək olan MDU-da xalqımızın milli sərvəti hesab edilən Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilməsi və gənc nəsil arasında təbliği diqqət mərkəzində saxlanılır. Diqqətə çatdırılıb ki, “Heydər Əliyev İli” çərçivəsində respublikamızda reallaşdırılacaq tədbirlərə töhfə məqsədilə universitetdə müxtəlif formatlı silsiləvi fəaliyyətlər nəzərdə tutulub. Aparılan müzakirə zamanı razılaşdırılan müvafiq əlavələrin edilməsilə təkliflər Elmi Şura tərəfindən qəbul olunub.
Sonra “2022-ci ilin elmi tədqiqat işlərinin nəticələri” və “Magistratura və Doktorantura Təhsil Mərkəzinin fəaliyyəti” haqqında hesabatları dinlənilib. Müzakirələrdən sonra hər iki hesabat qəbul edilib.
İclasda universitetin akademik heyət üzvlərinin həmmüəlliflik etdikləri dərs vəsaitlərinin nəşr olunması haqqında Elmi-Metodik Şuranın təklifi müzakirəyə çıxarılıb və qəbul edilib. Bundan əlavə, Magistratura təhsil səviyyəsi üzrə müvafiq kafedralar tərəfindən təqdim olunan tədris proqramlarına münasibət bildirilib və təsdiq olunub.
Elmi Şuranın iclası gündəlikdə duran digər cari məsələlərin müzakirəsi ilə başa çatıb.