Arazı ayırdılar
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar.
Bəli,1828-ci il Türkmənçay müqaviləsi ilə 2 yerə parçalanan Azərbaycan….
Yalnız ərazini parçalamadılar, bu ayrılıqla milyonlarla Azərbaycanlının qəlbi parçalandı. Zaman keçdikcə içimizdəki nisgil, həsrət daha da böyüdü. Arazın suyu həmin gündən gözlərdən axır. Ayrılıq keçmişimizi, bütöv olduğumuz günləri unutdurmadı. Qovuşmaq arzusu bir coşqun çay kimi içimizdə illərlə qaynadı və bu gün 50 milyon Azərbaycanlının ən böyük arzusuna, diləyinə çevrildi. Tariximizin qara ləkəsi olan Türkmənçay müqaviləsi ilə iki işğalçı dövlət xalqımızın tarixini, milli kimliyini, dilini unutdurmaq üçün əllərindən gələni əsirgəmədilər.
Hər iki işgalçı dövlət xalqımıza zülm verdi, milli kimliyimizi, tariximizi, dilimizi unutdurmağa çalışdılar. Arazın cənub sərhədində vəziyyət çox gərgin idi. Təbrizdə, Ərdəbildə insanlar qul kimi işlədilirdi, təsərrüfatda gecə-gündüz çalışır, amma topladıqları məhsulun çox hissəsi ərbaba çatırdı. Soydaşlarımız öz ana dilində danışa bilmirdilər. Təhsil almaqdan çoxları məhrum olmuşdu.
Bütün çətinliklərə, əzablara baxmayaraq, soydaşlarımız dəfələrlə silaha sarıldılar. Azadlıq, istiqlal istəyi yalnız sözdə qalmadı. Bu istək əlimizdə bayrağa, əbədi məşələ çevrildi.1908-ci ildə Səttarxanın başçılığı ilə Təbrizdə silahlı üsyan oldu. Səttarxan ümumi sayı 20 minə çatan fədai dəstələri yaratdı.
Şeyx Məhəmməd Xiyabani Cənubi Azərbaycanda mübarizə apararaq müstəqillik elan etdi. Qısa bir vaxtda böyük işlər görüldü. Şəhər və kəndlərdə pulsuz məktəblər açıldı, Təbrizdə pulsuz qızlar məktəbinin açılması bütün İran üçün nadir hadisə oldu.
Bəlkə də onlar yaxşı silahlanmamışdılar, hərb sahəsində təcrübəsiz idilər. Lakin onların qəlbində sonsuz azadlıq eşqi var idi. Məhz bu azadlıq eşqi fars hakimiyyətini qorxuya saldı. Bütün Azərbaycana və Iran səltənətinə rəhbərlik edən Şah Ismayıl Xətayinin, Şərqin Fatehi Nadir şah Əfşarın nəvələrinin azadlıq, vətən eşqini boğmaq mümkün deyil. Xalqımıza zülm verməklə tariximizi, kimliyimizi, dilimizi unutduracaqlarını zənn etdilər. Amma düşmənlərimiz unutmuşdular ki, xalqımız öz tarixinə sadiqdir.
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban, elinə qurban!
Baxdqca hüsnünə doymayır gözüm
Təbrizim,Təbrizim,gözəl Təbrizim!
Təbriz daim öz yenilikləri ilə seçilən şəhər olmuşdu. Buna görə də İranda Təbrizə “Birincilər şəhəri” deyilirdi. Təbriz Ərk qalası, Göy məscidi, Cümə məscidi ilə məşhurdur.
Mən Təbrizə “Ayrılıq şəhəri”də deyərdim. Yol boyunca söyüdlər ayrılıqda başlarını aşağı əymişdilər. Təbrizin başındakı dumanlar xalqın kədərindən xəbər verirdi. Dünyaca məşhur olan Təbriz xalçalarını soydaşlarımız göz yaşı ilə toxuyurdular. Sanki xalçadakı naxışlar da qovuşmaq istəyimizi əks etdirirdi.
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıq sənə məlhəm, mənə dərmandır, Azərbaycan!
Ədəbiyyatımızda “Heydərbaba şairi” kimi tanınan Məmmədhüseyn Şəhriyarın hər sözündə, yazdığı hər sətirdə nisgil duyulurdu. Bir dəfə olsun Məmmədhüseyn Şəhriyar parçalanmış vətənin digər hissəsinə keçə bilmədi, amma şeirləri Arazı da aşıb, xalqın dilində əzbərə çevrildi.
Süleymanova Nəzrin
BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi