Bakıda Macarıstan səfirliyi ilə ənənəvi Advent konserti keçirilib. Ötən il də Milad öncəsi keçirilən bu konsert xeyriyyə layihəsi kimi yadda qalıb.
Tehsil.biz xəbər verir ki, həmin konsertdən əldə olunan gəlirlər K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinin xüsusi avadanlıqlarla təchiz olunmasına xərclənib.
Konsertdə Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinin tibbi kollektivi təşkilatçılar tərəfindən təşəkkürnamələr və hədiyyələrlə mükafatlandılıb.
Konsert proqramı Macarıstanın Bakıdakı səfirliyinin təşkilatçılığı, Macarıstanın neft şirkəti “MOL Azərbaycan”ın sponsorluğu, “Nargis” Fondu və Beynəlxalq Muğam Mərkəzinin əməkdaşlığı ilə keçirilib.
Qeyd edək ki, builki ənənəvi Advent konsertində Macarıstanın dünyaca məşhur “Jazzical Trio”su çıxış edib. Trioya Azərbaycan Respublikasının Əməkdar artisti tarzən Sahib Paşazadə də qoşulub. İki dost ölkənin musiqiçiləri birlikdə tanınmış klassik parçalar ifa ediblər.