Logo

Ermənistanı sülh razılığına gətirə biləcək yeni təsisata ehtiyac var

02.12.2022 22:31 385 baxış
IMG

Prezident İlham Əliyevin ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı olduqca maraqlı və əhəmiyyətli tezislərlə zəngin idi.

Xeyli sayda qabarıq başlıqlardan yalnız biri üzərində dayanacağıq. Söhbət Azərbaycan və Ermənistan arasında normal əməkdaşlığı, sülhü yarada bilən hansısa yeni bir təsisatın formalaşmasına olan ehtiyacdan gedir.

Nəyə görə ehtiyac sözünə vurğu edirik?

Çünki Qarabağ münaqişəsinin müharibə müstəvisində həllindən iki il keçsə də, Ermənistan üçtərəfli 10 noyabr Bəyanatı ilə müharibəni uduzduğunu qəbul etsə, üzərinə müəyyən öhdəliklər götürsə də, hələ də həmin öhdəliklərin əsas qismi yerinə yetirilməyib. Konkret olaraq sərhədlərin delimitasiya və demarkasiya məsələləri üzrə danışıqlar mərhələsi müsbət sonluğa yaxınlaşa bilmir, bu yöndə real addımlar atılmır. Sülh müqaviləsinin imzalanması da elə bu səbəbdən uzanır. Avropa İttifaqının dəstəyi ilə keçirilən görüşlərdə və Rusiyada aparılan müzakirələrdə ortaq məxrəcə gəlmək yalnız sözdə ifadə olunur, Ermənistan verdiyi vədlərdən sonradan qaçmağa çalışır. Üstəlik, bu da var ki, erməni silahlı qüvvələri Azərbaycan mövqelərini ara-sıra atəşə tutur, sərhəddə xoşagəlməyən insidentlər baş verir. Xüsusilə bu hərbi toqquşma amili tələb edir ki, Azərbaycan-Ermənistan münasibətləri tezliklə sağlam məcrada inkişaf etsin və bunun üçün işlək mexanizmlər tapılsın.

Ermənistan və onun dünyadakı müdafiəçiləri tərəfindən Minsk qrupunun fəaliyyətinin bərpası tezisi ortaya atılır. Halbuki iki tərəf arasında münasibətləri yoluna qoyacaq format bu deyil.  Çünki Minsk qrupu platforması zahirən işlək təsisat olsa da, əslində 30 ilə yaxın fəaliyyətində Qarabağ münaqişəsinin həlli üçün heç bir uğurlu nəticəyə nail ola bilmədi. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tutarlı hüquqi sənəd idi, Ermənistan öz qoşunlarını işğal etdiyi torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarmırdı, Minsk qrupu bu hüquqi sənədə dayanaraq Ermənistana təzyiq etməli idi.  Bu illər ərzində təzyiq oldumu? Olmadı, əksinə işğalçı ilə danışıqlar yumşaq ritorikada aparıldı. Nəticə isə 30 il gözləmək oldu. Qarabağ münaqişəsinin həllində nə beynəlxalq hüquq işlədi, nə Minsk qrupu işlədi. Əvəzində Azərbaycanın güclü siyasi iradəsi işlədi, torpaqlarımız uzun əsarətdən sonra azad oldu, bununla da yarıtmaz Minsk qrupunun mövcudluğuna son qoyuldu. Bu baxımdan Minsk qrupu ölmüş bir təşkilatdır.

Sözsüz ki, belə bir səmərəsiz qurumla təkrar işləmək yalnız sülh istəməyən tərəfə sərf edə bilər. Azərbaycan sülhə, konstruktiv əməkdaşlığa can atdığı üçün Minsk qrupuna yox, Ermənistanın maraqlarını güdən başqa hansısa ədalətsiz formatlara deyil, etibarlı və davamlı sülhü yarada bilən, iki ölkə arasında möhkəm əməkdaşlıq körpüsünün formalaşmasına dəstək verən adil bir platformaya ehtiyac duyur.

Bəs, bu, hansı platformadır?

Azərbaycan indiki halda Avropa İttifaqının vasitəçiliyini ən yaxşı platforma hesab edir. Lakin başqa uğurlu təsisatlar müstəvisində işləməyə də hazırdır. Əslində müharibənin bitməsindən sonra Avropa İttifaqının Azərbaycan və Ermənistan rəhbərləri ilə təşkil etdiyi görüşlər, müzakirələr, həm Praqada, həm Brüsseldə aparılan danışıqlar səmərəli idi. Ona görə ki, Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı. Qarşılıqlı əlaqələri, birbaşa təmasları yaradan bu formatlarda sülh müqaviləsi üzrə danışıqlara, həmçinin Qarabağdakı erməni azlığın nümayəndələrilə onların hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar danışıqlara razılıq əldə olundu. Bunlar irəliyə doğru pozitiv addımlar idi, buna görə də Avropa İttifaqı formatında müzakirələri davam etdirmək qərara alındı və növbəti görüş Bürüsseldə dekabrın 7-nə təyin olundu. İş ondadır ki, qısa müddətdə etimad qazanmış bu formatda növbəti görüşün baş tutmayacağı ilə bağlı xəbərlər var.

Prezident İlham Əliyev həmin görüşün pozulmasına təsir göstərən amilləri adıçəkilən beynəlxalq konfransda açıqladı. Sitata diqqət edək:”...Paşinyan görüşə bir şərtlə razılıq verib ki, prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək. Praqa görüşü oktyabrın 6-da idi. Bir həftədən az müddət sonra prezident Makron öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi oldu. Bu, qətiyyən qəbuledilməzdir…Bütün bunları nəzərə alsaq, aydın olur ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub. Deməli, bu, o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq...”.

Bu yerdə sual olunur: prezident Emmanuel Makronun görüşdə iştirakı şərt kimi qoyulursa, Fransa tərəfindən böhtana, çirkin kampaniyaya məruz qalan Azərbaycan bu görüşə qatılmağa məcburdurmu? Azərbaycan son günlər Fransanın çirkin ittihamları ilə üz-üzədir, demək ki, belə bir görüşdən imtina etmək  haqqına sahibdir. Ortada Fransa tərəfindən sülh prosesinə əngəl yaradan ədalətsiz mövqe varkən, Brüsseldə konstruktiv qərara, yaxşı nəticəyə nail olmaq mümkündürmü? Əlbəttə ki,  Azərbaycanın sərhədlərini açıq şəkildə şübhə altına alan, ərazi bütövlüyünə hörmətlə yanaşmayan bir dövlətin vasitəçilik missiyası heç nəyə yaramaz, yalnız düşmənin dəyirmanına su tökər.

Fransa ilə birgə hərəkət edən Ermənistanın sülh prosesi üçün atılan addımları mənasızlaşdırmaq cəhdləri aydın şəkildə ortadadır. Moskvada, Soçidə, Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmədi və bu, birmənalı şəkildə Azərbaycan diplomatiyasının qələbəsi kimi təntənə qazandı. Ermənistanı  da, Fransanı da məyus edən məhz budur!

Bu gerçəklikdən ovqatı pozulan Ermənistan və onun havadarlarının əlində Qarabağın statusu, orada yaşayan ermənilər məsələsini qaldırmaq sözsüz ki, bir   hiylə siyasətidir. Bu hiylə ilə indiyədək əldə olunan nəticələri heçə endirməyə, münaqişənin sülh müstəvisinə keçən mərhələsinə mane olmağa çalışılır. Azərbaycan bu hiylənin qarşısına kəskin və qəti sözü ilə çıxır: Heç bir ölkə ilə, heç bir platformada Qarabağdan danışmayacaq, çünki Qarabağ Azərbaycanın ərazisidir, beynəlxalq aləm də Qarabağı Azərbaycanın ayrılmaz parçası kimi tanıyır.

Azərbaycan ona da əmindir ki, Ermənistan cəmiyyəti uzun illər  islamafob, türkofob, anti-azərbaycançı  hisslərlə yetişdirilib; Erməni lobbisi erməni siyasilərinin, ictimaiyyətinin beynini zəhərləyib, bu səbəbdən özgələrin tarixini mənimsəyən,  həm Azərbaycan, həm Türkiyə ərazisinə işğalçı gözlə baxan Ermənistanı belə təhlükəli ideologiyadan daşındırmaq, onun zərərli ideoloji baxışlarını dəyişmək, onunla əməkdaşlıq etmək heç də asan olmayacaq. Hələ beləsini müdafiə etməyə qalxan  Fransaya sülh danışıqlarında rol vermək qədər xətalı heç nə yoxdur.  Bu, o demək olar ki, sülh üçün mübarizə və cəhdlər də daha bir 30 ilə başa gələcək.

Bölgədə meydana çıxan yeni geosiyasi vəziyyət isə illərin itirilməsinə hazır deyil. Qarabağ müharibəsinin uğurlu sonluğundan sonra yaranan yeni reallıq geniş bir coğrafiyanı əhatə edən yeni əməkdaşlıq xəritəsini meydana çıxarıb. Bu xəritədə Azərbaycan, Ermənistan, Gürcüstan (Cənubi Qafqaz), Türkiyə, İran, Rusiya var. Yəni, 3+3 formatı. Bu əməkdaşlıq formatı qonşuları və qonşu olmayanları bir-birinə bağlayacaq. Bu format Zəngəzur dəhlizi ilə reallaşacaq. Bu layihədə coğrafi mərkəz Azərbaycandır. Danışıqları əsasən Azərbaycan aparır və Ermənistanla yox, Rusiya ilə. Ona görə də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması təkcə bu iki dövlətin məsələsi deyil, həm də Türkiyənin və Rusiyanın məsələsidir. Zəngəzur dəhlizi ideyasına narazı olanlara gəldikdə, dəhlizin reallaşması onları da əməkdaşlığa vadar edəcək. Həqiqətən də bu platformada 6 ölkənin potensial əməkdaşlığının təməlinin atılması mütləqdir, çünki bu təməl geniş bir coğrafiyada, ilk növbədə təhlükəsizlik, sabitlik amilini möhkəmləndirəcək, daha sonra ölkələrin iqtisadiyyatları güclənəcək. Bu coğrafiyanın bütün dövlətlərinin mənafeyinə bundan yaxşı nə cavab verə bilər? Əlbəttə ki, heç nə!

Hətta Qərbin, bəzi Avropa ölkələrinin qorumağa çalışdığı Ermənistan da bu əməkdaşlıq platformasından daha çox qazanacaq dövlətlərdən biridir. Odur ki, Ermənistanla sülh danışıqlarına olan sağdan, soldan pozuculuq cəhdləri Azərbaycanın Avropa İttifaqının son zamanlar aktuallaşan vasitəçiliyinə bəslədiyi ümidləri əsla azaltmır. Bəlkə fəallıq bir qədər aşağı düşəcək, amma gec-tez bu məsələlər ya Avropa İttifaqı formatı, ya da tamam ayrı bir işlək, ədalətli təsisat üzərindən hədəfinə çatacaq. Çünki bunun başqa yolu yoxdur.

Vəfa ALLAHVERDİYEVA

Xəbər lenti