Logo

"İrana təhsil almağa göndərilənlərin böyük əksəriyyətinin arxasında zərərli dini təbliğat durur"

03.12.2022 16:37 475 baxış
IMG

“Təcrübə onu göstərir ki, həqiqətən də xaricdə dini təhsil almaq özünü doğrultmur".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, xüsusilə bu xətt İranda özünü açıq şəkildə göstərir.

"Bu gün orada oxuyan tələbələrin böyük əksəriyyətində bu təsirlər var. Bu kifayət qədər özünü göstərir. Xaricdə dini təhsillə bağlı bu cür fikirlərin səsləndirilməsi də məhz onunla bağlıdır. İrana təhsil almağa göndərilənlərin böyük əksəriyyətinin arxasında zərərli dini təbliğat durur. Yəni onların bu cür təbliğata məruz qalması məqsədilə bu addımlar atılır. Çünki bu İranın siyasətidir. İranın məqsədi özünə insanlar yetişdirməkdir. Ola bilər ki, İrana gedən minlərlə tələbənin içində bir neçə tələbə özünü qoruya bilər, amma böyük əksəriyyətinə qarşı orada bu təbliğat aparılır. Azərbaycanın əleyhinə bu işlər çox sürətli şəkildə aparılır. Bu reallıqdır”.

C.Məmmədov bildirib ki, İran həmin gənclər arasında xüsusi olaraq təbliğat aparır:

“Həmin gəncləri təkcə təbliğatla ələ almırlar, burada maliyyə məsələsinin də rolu var. Onların mütləq əksəriyyəti maliyyələşdirilir, vəsait ayrılır, bu da gənclərin təsəvvürünə, düşüncəsinə biləvasitə təsir göstərir. Orada təhsil alıb Azərbaycana gələnlər sonradan burada maliyyələşdirilirlər. Onlara şəhriyyə - aylıq məvacib verilir. Həmin gənclərlə davamlı iş aparılır, kontakt olunur, istiqamət verirlir. Bu, birmənalı olaraq belədir".

Millət vəkili qeyd edib ki, biz öz vətəndaşlarımızı kənar təsirlərdən, zərərlərdən qorumalıyıq:

"Ümumiyyətlə, əksər hallarda xaricdə oxuyan tələbələr belə təsirlərə düşürlər. Ona görə 2018-ci ildə Cənab Prezident İlham Əliyev Azərbaycanda İlahiyyat İnstitutunu yaratdı. Bu yanaşma təkcə bizdə deyil. Məsələn, heç bir Azərbaycan vətəndaşı burada təhsil alıb gedib İranda dini təbliğat apara bilməz, bu qadağandır. Ona görə də Azərbaycanda da bu təbiidir. Biz öz vətəndaşlarımızı kənar təsirlərdən, zərərlərdən qorumalıyıq, onların savad və biliyinin artırılması üçün mütləq addımlarımızı atmalıyıq. Bu Azərbaycanın tam haqqıdır”.

Xəbər lenti