Gəncə Dövlət Universitetində görkəmli bəstəkar, ictimai xadim, Azərbaycan Respublikasının Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Tehsil.biz xəbər verir ki, “Fikrət Əmirovun musiqi dünyası” adlı ədəbi-bədii gecədə bəstəkarın Azərbaycan musiqi xəzinəsinə misilsiz töhfələr verən yaradıcılığından söhbət açılıb. Bildirib ki, Fikrət Əmirov opera yaradıcılığında dünya opera bəstəkarlarının, xüsusilə də Çaykovski ənənələrindən bəhrələnib.
Bəstəkarın vətənpərvərliyə səsləyən, bəşəri ideaları tərənnüm edən zəngin irsi Azərbaycan musiqi sənətinin ən parlaq səhifələrindəndir. O da qeyd edilib ki, yüz illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.
Tədbirin bədii hissəsində universitetin “Musiqi müəllimliyi” ixtisasının tələbələri tərəfindən “Sevil” operasından Balaşın nəğməsi, “Dilbərin mahnısı”, “Səhər” filmindən “Aslanın mahnısı”, “Göygöl”, “Odlar ölkəsi” və başqa mahnılar səsləndirilib.