Logo

Deputat: "Müəllimlər tərbiyə işinə xüsusi həssaslıqla yanaşmalıdırlar"

05.12.2022 11:49 711 baxış
IMG

"Bir müddət bundan əvvəl Bakıda idman yarışında bir gəncin digər gənci bıçaqlayaraq qətlə yetirməsi cəmiyyətdə haqlı olaraq böyük əks-səda doğurdu, cəmiyyətimizin gələcəyini düşünən hər bir insanı ciddi sarsıtdı".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu gün insanları ən çox narahat edən məsələlərdən biri cəmiyyətdə getdikcə artan aqressiya və şiddətdir:

"Burada belə bir haqqlı sual yaranır: belə halların təkrarlanmaması üçün nə edilməlidir? Gənclərin aqressiv davranışlarının qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Belə halların qarşısının alınması üçün ölkəmizdə geniş maarifləndirmə və təbliğat işlərinə ciddi ehtiyac var. Təəssüf ki, bəzən kinolarımızda və bir sıra musiqi janrlarında gənclərə belə həyat tərzi təbliğ olunur. Bu da bir mənalı olaraq gənclərimizin tərbiyəsinə ciddi təsir göstərir".

Millət vəkilinin sözlərinə görə, əgər belə halların baş verməsini istəmiriksə, gənclərə aqressiya, gücə meyl, yox insanlara sevgi və mərhəmət hissləri aşılanmalıdır:

"Bu məsələdə ailə, bağça, məktəb və idman müəssisələrimizin üzərinə böyük məsuliyyət düşür. Orta və ali məktəblərimizdə təhsillə yanaşı tərbiyə işinə də xüsusi önəm verilməlidir. Bütün bu qurumlar layiqli, məsuliyyətli və mərhəmətli vətəndaş yetişdirilməsi prosesinə öz töhfələrini verməlidirlər. Burada müəllimlərimizin də üzərinə ciddi vəzifələr düşür. Onlar da öz fəaliyyətlərində tərbiyə işinə xüsusi həssaslıqla yanaşmalıdırlar".

C.Məmmədov qeyd edib ki, cəmiyyətləri uçuruma aparan laqeyd və biganəlikdir:

"Əgər tərbiyə, təbliğat və maarifləndirmə işi bu istiqamətdə qurulmasa gələcəkdə biz belə hallarla daha tez-tez rastlaşacağıq. Odur ki cəmiyyətin hər bir üzvü bu kimi məsələlərdə çox həssas yanaşmalıdır".

Fəqan Əzimli

Xəbər lenti